Yanvarın 25-də Astara Olimpiya İdman Kompleksində 8,10,12,14,16 yaşadək oğlanlar və qızlar arasında Şahmat üzrə Azərbaycan Çempionatının seçmə yarışlarına start verilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin 36-dan çox şəhər və rayonunu təmsil edən 260 yeniyetmə şahmatçı iştirak edir.
Açılış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, şahmat üzrə beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şahmat üzrə sektor müdiri, beynəlxalq hakim Lütfiyar Rüstəmov, Bakı Şahmat Mərkəzinin direktoru, şahmat üzrə beynəlxalq hakim Məcid Əfəndiyev, Azərbaycan Respublikası şahmat üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçisi, beynəlxalq hakim Fikrət Südeyifzadə iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev yeniyetmə şahmatçılara qələbə sevincləri arzulayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Ölkəmizdə idmana xüsusi diqqət və qayğı göstərilir. Gənclərimizin sağlam yetişməsi üçün bütün imkanlar yaradılıb.
Daha sonra çıxış edən rayon icra hakimiyyəti aparatının məsul işçisi Mərasim Hacızadə   bildirilib ki, şahmat idman növünün respublikamızda geniş vüsət alması ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Ümummilli Lider həmin illərdə şahmatın Azərbaycanda inkişafı üçün böyük işlər görüb, çoxsaylı şahmat məktəbləri tikilib. Prezident İlham Əliyev də ənənəyə sadiq qalaraq, ölkəmizdə bu idman növünün inkişafına öz dəstəyini verir. Belə ki, yeni şahmat məktəbləri tikilir, yeniyetmə və gənclərin şahmata marağını artırmaq üçün müxtəlif tədbirlər keçirilir, beynəlxalq yarışlar təşkil edilir.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxışında Astarada belə mötəbər yarışın keçirildiyini qeyd edərək, son illər ölkəmizdə şahmatın inkişafı ilə bağlı görülən işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb.
Yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Azər İbrahimov Şahmat üzrə Azərbaycan Çempionatının seçmə yarışlarının reqlamenti barədə iştirakçılara məlumat verib.
Qeyd edək ki, yarışlar yanvarın 31-dək davam edəcək.
Nicat Raufoğlu
Astarainfo.az