Astara Rayon İcra Hakimiyyəti və Astara Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimlərinin iştirakı ilə yanvarın 28-də rayonda növbəti humanitar aksiya keçirilib.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi, tibb üzrə fəlsəfə doktoru Rəfael Bayramov Astarainfo.az-a bildirib ki, Astara rayonu endemik zonaya daxil olduğu üçün xəstələrin müraciətləri əsasən revmatizm, əsəb və ürək-damar xəstəlikləri, bədənin müxtəlif nahiyələrində ağrılarla bağlı olub.
Xəstəxananın poliklinika şöbəsində reallaşan aksiya zamanı 100-ə yaxın rayon sakini tibbi müayinədən keçib.
Humanitar aksiya zamanı aşkarlanan xəstəliklərlə bağlı müalicə kurslarının təyin edildiyini deyən R.Bayramov xəstələrdə hər hansı bir cərrahiyyə əməliyyatı aparmaq zərurəti yaranarsa, bunun Astara Rayon Mərkəzi Xəstəxanasında və ya Respublika Neyrocərrahiyyə Xəstəxanasında həyata keçiriləcəyini diqqətə çatdırıb.
Rayon sakinləri humanitar aksiyadan razılıqlarını ifadə edərək, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.