Rəhman Babayev 17 yanvar 1974-cü ildə Hamoşam kəndində anadan olub. 1991-ci ildə hazırda öz adına olan Hamoşam kənd tam orta məktəbində təhsil alıb.Rəhman artilleriya qoşunları tərkibində olub. İlk dəfə Ağdərənin Talış kəndi uğrundakı döyüşlərdə düşmənlə üz-üzə gəlib. Elə burada çevikliyi,qorxmazlığı, cəsarəti, sərrast atıcılıq qabiliyyəti ilə döyüş yoldaşlarından seçilirdi.  Rəhmanın son döyüşü 1993-cü il, iyunun 13-də Çıldıranda oldu. Hissələri hücuma keçərkən, onu səyyar yeməkxanasında növbətçi saxlamaq istədilər. Lakin, Rəhman bu çətin məqamda yoldaşlarından ayrılmaq istəmədiyini bildirərək döyüşə yollanır. Dəfninə gələn döyüş yoldaşları söhbət ediblər ki, Rəhman bu son döyüşdə ondan çox erməni döyüşçüsünü zərərsizləşdirdi. Bizi də döyüşə sövq edən onun cəsarətiydi.Uğurla davam edən döyüşün lap son anında düşmən gülləsi Rəhmanı köksündən odlayıb. Bu igid döyüşçü 13 iyun 1993-cü ildə hospitala çatmamış, yolda dünyasını dəyişib.
Hamoşam kənd tam orta məktəbində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Rəhman Babayevin anadan olmasının 45 illiyi münasibətilə təntənəli anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Anım tədbirində Astara rayon Təhsil Şöbəsinin məsul işçisi Elçin Mirzəzadə, Təngərüd kənd tam orta məktəbin direktoru Xaqani Mahmudov, Çayoba kənd tam orta məktəbinin direktoru Sərraf Əhmədov, Motlayataq kənd tam orta məktəbinin direktoru Mehman Muradov, Asxanakəran kənd tam orta məktəbin direktoru Əlican Hacıyev, Toradi kənd tam orta məktəbinin direktoru Ramin Əliyev, ictimaiyyət nümayəndələri, ziyalılar, şagirdlər, müəllimlər və şəhidin yaxınları iştirak ediblər.
Şəhidin adını daşıyan Hamoşam kənd tam orta məktəbində keçirilən mərasimdə çıxış edənlər şəhid Rəhman Babayevin döyüşlərdə göstərdiyi şücaətdən, igidliyindən danışaraq, onun ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.
Qeyd edilib ki,  Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən hərbçilərimizin ömür yolu gənclərə nümunədir. Bu günün şagirdi sabahın əsgəridir. Gənclərimiz hər zaman Vətənin müdafiəsinə hazır olmalıdırlar.
Hamoşam məktəbinin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Nicat Raufoğlu
Astarainfo.az
 Şəhid Rəhman Babayev haqqında məlumat Mərasim Hacızadənin “Əbədiyyət yolçuları” kitabına istinad edilib.