Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanla 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan, ölən və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölən elan edilən daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə də 11 000 manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Beləliklə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur.
Sənədə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.
Daxili İşlər Nazirliyinə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək tapşırılıb.