Astaralı gənclər rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.
Bu fikir yanvarın 31-də Astara şəhərindəki Gənclər Evində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumrayon tədbirində səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Astara Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının vətənpərvərlik və gənclik mövzusunda əl işlərinin sərgisi ilə tanış olublar.
Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev tədbirdə çıxış edərək, rayonun gənclərini qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib.
Ə.Əliyev çıxışında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması, ilk gənclər forumunun keçirilməsi və Gənclər Gününun təsis edilməsi tarixindən danışaraq, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Daha sonra rayon gənclər və idman idarəsinin 2018-ci ildə gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub.
Ümumrayon tədbirində Astara şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, YAP gənclər birliyinin sədri Tural Eyvazov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev və başqaları çıxış edərək gənclərə təhsildə və karyeralarında uğurlar arzulayıb, onlara vətənpərvər ruhda böyüməyi, xalqımızın milli-mənəvi dəyərlərinə uyğun formalaşmağı tövsiyə ediblər.
Tədbirdə Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən intellektual bilik yarışlarında və rayonun ictimai-siyasi fəaliyyətində fərqlənən və gənclər siyasətinin həyata keçirilməsində iştirak edən bir qrup gəncə, həmçinin xidmətlərinə görə bir qrup sərhədçi əsgərə rayon gənclər və idman idarəsinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.
Rayon gənclər və idman idarəsi nəzdində fəaliyyət göstərən “Altay” kompüter və ingilis dili kurslarını müvəffəqiyyətlə bitirən bir qrup gəncə isə sertifikat və şəhadətnamələr verilib.
Sonda Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının iştirakı ilə konsert proqramı nümayiş olunub.
Elnur Qurbanlı
Astarainfo.az