Zəngin mənəvi dəyərlərimizi, adət-ənənələrimizi torpağı oyadan, ruhumuzu coşduran, qəlblərdə həyat eşqi yaradan Novruzun kökü min illərin tarixinə söykənir. Sələflərimiz şad-xürrəmli, bol-bərəkətli Novruzu qeyd etdiyi kimi bu gün də xalqımız illərin sınağından çıxmış adətləri yaşadırlar. Qədim mənəvi köklərə , qaynaqlara söykənən Novruz güneyli-quzeyli azərbaycanlıların özəl bayramıdır. Bu bayramın cənub bölgəsində məxsusi özəllikləri də vardır. Yaxşı yadımdadır, həyatı dərk etdiyim, çox sevildiyim uşaqlıq illərində övladlarını canından artıq sevən rəhmətlik anam çərşənbə günü əlindəki nazik çubuqla bizi yataqda döyəcləyir, üstümüzə quyudan çəkilmiş çərşənbə suyunu səpərdi. Bayram günü isə əl ilə tikdiyi qırmızı donu, təzə corabı bizə geydirərdi. Ruhu şad olmuşun xatirəsi daim mənimlə olduğundan hər çərşənbə, novruzda qeyri-adi kövrəlirəm. Onun bişirdiyi təamların xüsusən səbzi küküsünün ləzzətli dadını unuda bilmirəm.    Düzü, böyüklərin olmadığı yerdə bu gün süfrəyə düzülmüş yeməklərin də dadı hiss olunmur. Adətə görə süfrədə s hərfi ilə başlanan yeddi təam olardı. Xatırladım ki, bu da bölgəmizə məxsus adətdir. Simuzər, su, sirkə(çeşmə hazırlanır), süd,süzmə, sikkə-pul vahidi, sarımsaq, səbzi, səməni ilə bəzədilmiş süfrə necə də təmtəraqlı görünərdi.  Dilimizi, folklorumuzu yaşadan novruz küsülüləri barışdıran, kin-küdurəti, qışı qovan, ruzili-bərəkətli ,çal-çağırlı, yaşıl səmənili, rəngbərəng yumurtalı, şəkərbura-paxlavalı, çeşid-çeşid şirniyyatlı, od-alovla günəşi səsləyən xonçalı novruz artıq qapımızın astanasındadır. Dörd–od, su, yel, torpaq çərşəmbəli novruz sadəcə bayram deyil, xalqın mənəvi dəyərləri-bərabərliyi, səadəti özündə əks etdirən, insanların həyata baxışını dəyişən, təbiəti canlandıran, məhsuldarlığın təməlini qoyan, gecə ilə gündüzün bərabərləşdiyi gündür.  Tonqalların qalanması, səməni göyərtməsi, ev-eşiyin təmizlənməsi, xalı-xalçaların yuyulması, qulaqasma, papaqatma, dünyasını dəyişən əzizlərin yad edilməsi, məzarlıqda onların ruhuna şam yandırılması kimi əski inancların və sairə adətlərin bu gün də həyata keçirilməsi  keçmişdən bizə çatan ərməğandır.

Novruz qabağı ömrünü mədəniyyətə sərf etmiş, bir çox ideyaların təşəbbüskarı “Əvəsor” folklor xalq kollektivinin, “nəcib qızlar” klubunun, “xalq teatrı” nın yaradıcısı və gərgin zəhməti ilə onları yaşadan “fəxri mədəniyyət işçisi”, “Tərəqqi” medallı, el ağbirçəyi Fərbiyyə Şabanova ilə görüşdük. Pozitiv enerjili həmsöhbətim yaşadığı həyatı gözündə canlandırmaq üçün bir qədər xəyala dalıb, dərindən köks ötürəndən sonra aram-aram söhbətə başladı:

-Ay qızım, işlərimizə özün şahidsən. Axı nailiyyətlərimizi qəzetdə işıqlandırmaqla həmişə bizə dəstək olmusan. Bildiyin kimi on il rayon mədəniyyət şöbəsinin müdiri olmuşam. O dövrdə gördüyüm vacib işlərdən biri də kənd mədəniyyət evlərində rəqs qrupları yaratmaq idi. Onların fəaliyyəti çoxunun marağına səbəb olduğundan üzvlərin sayı günü-gündən artırdı.  Amma bəzi rəqs qrupları diqqətsizlikdən dağılmağa başladı. 1985-ci ildə yaratdığım “Əvəsor”u ömrümün sonuna kimi yaşatmağa çalışıram. İnanıram ki, onun taleyi gələcəkdə etibarlı əllərdə olacaq.

2000-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən “Əvəsor” xalq kollektivi adını alanda sevincim-sevincə calandı. 1998-ci ildə Respublika sarayında Prezidentin andiçmə mərasimindən sonra Ulu Öndər Heydər Əliyev çıxış edənləri dəyərləndirərək bizə də xeyir-duasını verdi. “Əvəsor” talış  toponiminə əsasən yeni il deməkdir. Xalqın qədim adətlərini, əkin nəğmələrini, biçin-xırmanı, xınayaxdı toy mərasimlərini əks etdirən, rəmzi yaşıl geyimli qızların-kollektivin sorağı İrandan, Türkiyədən, Dağıstandan, Rumuniyadan, respublikanın mötəbər tədbirlərindən eşidilir. Bu kollektivdə çıxış edən qızlar yaşa dolduqca gəlin köçürlər, onları isə ikinci qrupda hazırladığım qızlar əvəz edir. Mədəniyyəti, incəsənəti çox sevirəm. Bu işdə mənə həmişə dəstək olmuş ömür-gün yoldaşımın ölüm xəbərini novruz axşamında eşitsəm və ürəyimdə nisgil qalsa da ruhu şad olsun deyə daim yeni ideyalar üzərində işləyirəm. Kakalos kənd mədəniyyət mərkəzində açdığım tarix-diyarşünaslıq muzeyi istər yerli, istərsə də xarici seyrçilərin zövqünü oxşayır. İki mindən çox dəyərli eksponatlıq muzeyin mahiyyəti dildən-dilə düşdüyündən oraya gələnlərin sayı da artır.

Heydər Əliyev parkının (bağda bəzək və meyvə ağaclarının yaşıllaşması və çiçəklənən dövründə bağ necə də zövq oxşayır) ictimai əsaslarla müdiriyəm. Ömrümü mədəniyyətə sərf edərək yaşayıram. Bütün bayramları, Azərbaycanın kədərli günlərini ədəbi-bədii kompozisiya ilə qeyd etməklə yanaşı kəndin yaşlı sakinləri, qarabağ veteranları, təqaüddə olan müəllimlərlə, tələbələrlə şirniyyat stolu arxasında müxtəlif mövzular əsasında keçirilmiş görüşlər hər kəsə xoş təsir bağışlayır. Əminəm ki, fəaliyyətimiz yaxşıların diqqətindən heç vaxt yayınmayacaq.

Mədəniyyət veteranı Fərbiyyə xanımla etdiyim maraqlı söhbətdən sonra uşaqlıq yaddaşımda həkk olunmuş “Əvəsor oməd, xoş oməd” nurşidini və Əvəsoru bizə xatırladan milli geyimli, şən melodiyalı xalq kollektivinə qarşı qəlbimdən alqış qopdu.

Qarşıdan gələn xonçalı novruz münasibətilə el-obamı təbrik edir, süfrələrimiz ruzili-bərəkətli, günümüz firavanlı olsun diləyi ilə

Gülnar Əsədli

Astarainfo.az