Son illər Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini gündən-günə gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Qeyd edək ki, İİV/QİÇS problemi Azərbaycanda aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.

“Baku İNN Hotel”də “KİV-lərin QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizədə rolu” mövzusunda təlim kursu keçirilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova təlimin açılışını edərək çıxışında QİÇS-lə bağlı geniş məlumat verdi. Mərkəz rəhbəri qeyd edib ki, ilbəil HİV-ə yoluxanların sayında artım olur. HİV-in 3 yolla – qanla(donordan), cinsi yolla və anadan bətndaxili körpəyə yoluxduğunu xatırladan E.Alməmmədova cəmiyyətdə maarifləndirməyə ehtiyac olduğunu vurğulayıb. O əlavə edib ki, istənilən şəxs Mərkəzdə pulsuz və anonim müayinəyə cəlb oluna bilər.

Təlimdə çıxış edən RQMM-in media-treneri Ceyhun Nəcəfov tədbirin cəmiyyətin media vasitəsilə xəstəlik barəsində məlumatlandırılması və xəstələrə qarşı tolerant münasibətin bəslənməsinə nail olmaq məqsədi daşıdığını bildirib.

Mərkəzin ambulator yardım şöbəsinin müdiri Günəş Cəfərova isə “İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) infeksiyası, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat: epidemiologiya və diaqnostikası” mövzusunda təqdimatla çıxış edib.

– Virusa yoluxma halları, qorunma və müalicə üsulları haqqında məlumat verən şöbə müdiri bildirib ki, xəstəliyə və virusa qarşı vaksin və tam müalicə mövcud deyil. Lakin vaxtında qoyulan diaqnoz ölüm hallarının qarşısını ala bilər. Özünü elə də büruzə verməyən xəstəliyin gizli mərhələsi bəzən 10 ilə qədər davam edə bilər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində infeksiyaya yoluxanların üçdəbiri, bəzən isə 50 faizi bundan xəbərsizdir. Virusun ötürülmə səbəbləri arasında qanköçürmə 92,5 faizlə birincidir. Bundan başqa, virus cinsi, parenteral, o cümlədən anadan uşağa şaquli yolla da ötürülə bilir.

Xatırladaq ki, Azərbaycanda 1987-2018-ci illər ərzində 7408 nəfər İİV-lə əlaqədar qeydiyyata alınıb. Onlardan 6538 nəfəri, yəni 97 faizi Azərbaycan vətəndaşıdır. Xəstələrdən 969 nəfəri vəfat edib. Bu il yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə 6193 nəfər İİV-lə yaşayan xəstə var. Onlardan 71 faizi kişilər, qalanı qadınlardır. İİV infeksiyası 25-49 yaşarası olanlarda üstünlük təşkil edir – 80,7 faiz. QİÇS mərhələsində olanların sayı isə 25 faizə bərabərdir. Xəstələrin 2 faizini 17 yaşadək uşaqlar təşkil edir. İİV-ə yoluxma hallarında üstünlük 43,6 faizlə infeksion narkoistifadəçilərin payına düşür”, – deyə G.Cəfərova öz çıxışında məlumat verib. Virus və xəstəliyin etiotrop müalicəsi antiretrovirus terapiya adlanır və ömürlükdür. Azərbaycanda bu müalicə üsulu 2006-cı ildən etibarən tətbiq olunur.

Daha sonra infeksiya və xəstəliyə aid videoçarx nümayiş olunub.

Mərkəzin media-treneri Ceyhun Nəcəfov “Kütləvi informasiya vasitələrinin İİV/QİÇS-lə bağlı stiqma və diskriminasiya ilə mübarizədə rolu” mövzusunda çıxış edərək virus və xəstəliklə bağlı media standartları, xəbərin təqdimedilmə qaydası, cəmiyyətin düzgün maarifləndirilmə formaları və xəstəliklə mübarizədə qalibgəlmə yolları haqqında məlumat verib. O, həmçinin hər iki terminin mənası, yaranma tarixi, səbəb və fəsadları barəsində danışıb:

– Cəmiyyətdə İİV və QİÇS-dən əziyyət çəkənlərə qarşı stiqma və diskriminasiyanın artması və ya azalması kütləvi informasiya vasitələrinin yaydığı məlumat və xəbərlərdən asılıdır. Bunu bilmək lazımdır ki, İİV və QİÇS diaqnozu ölüm hökmü deyil. Həmin virus və xəstəlikdən əziyyət çəkənlər digərləri kimi sağlam və işgüzar həyat tərzi keçirirlər. Belə xəstələrə qarşı stiqma və diskriminasiyaya iş yerlərində, kütləvi informasiya vasitələrində, səhiyyə və hüquq-mühafizə müəssisələrində rast gəlinir. Bütün bunlar həmin xəstələrin cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır. Damğalama və ayrı-seçkiliyin, o cümlədən xəstəliyə yoluxma hallarının qarşısını almaq üçün maarifləndirmənin böyük əhəmiyyəti var. Burada kütləvi informasiya vasitələrinin də üzərinə məsuliyyət düşür. Belə ki, media qurumları İİV/QİÇS xəstələrinə qarşı tolerant münasibətin formalaşmasında mühüm rol oynayır.

Təlimdə mövzular ətrafında müzakirələr aparılıb, virus və xəstəliklə bağlı maarifləndirici bukletlər paylanılıb. Daha sonra jurnalistlər təlim sonrası mütəxəssislər tərəfindən xəstəliklə bağlı test müayinəsindən keçiblər. Bunu həm də cəmiyyətimiz üçün maariflənmə aksiyasının başlanğıcı da hesab etmək olar.

Beləcə, iki günlük təlimə yekun vurulub.

Hazırladı:

Könül AYPARA

Ramina Eyvazqızı

Astarainfo.az