“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibəti ilə rayonun Toradi kəndində müəllimlərinin, ictimaiyyət nümayəndələrinin və məktəblilərin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov turizmin inkişafı üçün geniş imkanları olan, qədim və orta əsrlərə aid tarixi abidələri ilə zəngin  bu kənddə tarixi abidələrin nümayiş obyekti kimi təbliğinin daha önəmli olması barədə məlumat verib. 

Tarix və mədəniyyət abidələrinin mühafizəçisi Nadirə Dadaşovanın “Azərbaycan abidələri” mövzusunda məruzəsi dinlənilib.

Toradi kənd klubunun müdiri Surəddin Əliyev, abidə mühafizəçisi Qurban Həsənov rayonun və kəndinin tarixi yerləri, abidələri haqqında məlumat verərək ərazidə olan çoxlu sayda abidənin və tarixi yerlərin tədqiqata ehtiyacı olmasını qeyd ediblər.

Tədbir klubun yaxınlığında yerləşən Baba Rəsul türbəsinin önündə davam etdirilib.

Kənd sakini 80 yaşlı Hacıbaba Babayev “Baba Rəsul” türbəsi haqqında tarixi rəvayəti  danışıb.

Sonda abidə mühafizəçisi, şair İlham Haqverdiyev Astara abidələrinə həsr etdiyi şeirini səsləndirib və məktəblilərə kitablar hədiyyə edib.

Nicat Raufoğlu

Astarainfo.az