Mayın 6-da  Heydər Əliyev Mərkəzində 10 May Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Dünya siyasətinin Heydər Əliyev zirvəsi” mövzusunda sərgi və tədbir keçirilmişdir.

 Tədbiri giriş sözü ilə Mərkəzinin direktoru Kübra Səmədova açmış, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra “Dahi şəxsiyyət” mövzusunda film nümayiş olunmuşdur.

Tədbirdə Mərkəzin fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə edərək bildirmişdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Ulu Öndərin 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir.

 Respublikaya rəhbərlik etdiyi dövrdə Ulu Öndər var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyularaq atəşkəs əldə olundu. Qısa bir zamanda Ulu Öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və “Əsrin müqaviləsi” adını almış Neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. Bütün bu sadalananlar məhz Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün olmuşdur.

 Ümummilli Liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial  – iqtisadi, eləcə də  humanitar sahələrdə əldə  edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir.

Ulu Öndər Heydər Əliyev  tərəfindən qorunub saxlanılan müstəqilliyi-miz bu gün Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkişaf etdirilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcək, xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacağını vurğulamışdır.

 Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi və Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov,  Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov, Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının məsləhətçisi Rübabə Bağırova çıxış etmişlər.

Sonda tədbir iştirakçıları Mərkəzinin fondunda saxlanılan Ulu Öndər Heydər Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillərə, kitablara, “Toxuculuq” və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.

Elza Kazımova

Astarainfo.az