Astara  Tarix – Diyarşünaslıq muzeyində Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndəsi, böyük  yazıçı, dramaturq  və  ictimai  xadim  Cəlil  Məmmədquluzadənin  anadan  olmasının  150  illik yubileyinə həsr olunmuş   tədbir  keçirilib.

 Tədbirdə rayon Dövlət Rəsm Qalereyasının, Heydər Əliyev  Mərkəzinin , Mərkəzi Kitabxananın,  Mədəniyyət  Mərkəzinin, Gənclər və İdman  idarəsinin əməkdaşları iştirak  ediblər.

Lənkəran  Regional  Mədəniyyət  idarəsinin  Astara  rayon  üzrə baş  məsləhətçisi Şadoğlan Bayramov və muzeyin direktoru Gülzar İsmayılova yazıçının həyat və yaradıcılığından, yazdığı əsərlərindən geniş danışıblar.

Bildirilib ki, Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərib. Həmçinin C.Məmmədquluzadənin dram və əsərlərinin özündə milli, ümumbəşər dəyərlərini əks etdirməsindən və “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda və eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyması haqqında danışılıb “

 Tədbirin bədii hissəsində  M.Şəhriyar adına Kakalos kənd  dram teatrı tərəfindən “Ölülər” pyesindən hazırlanan tamaşa maraqla qarşılanıb.

 Sonda  iştirakçılar “Molla Nəsrəddin”  jurnalının karikaturaları əsasında foto-plakatlarından ibarət hazırlanmış  sərgiyə baxıblar.

Astarainfo.az