Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi zamanı indiyədək təhlükəsizliklə bağlı heç bir narahatlıq yaşanmayıb.

Bunu Böyük Britaniya Xarici İşlər Nazirliyinin Bakıda keçiriləcək Avropa Liqasının final oyununda təhlükəsizliklə bağlı azerkəşlərə veridiyi tövsiyəyə münasibət bildirən AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib bildirib ki, final oyununun Bakıda keçirilməsi müəyyənləşdikdən indiyədək UEFA tərəfindən daimi yoxlamalar aparılıb.

İngiltərənin “Arsenal” komandasının erməni əsilli futbolçusu ilə bağlı da danışan Elxan Məmmədov bildirib ki, onun Bakıya gəlməsinə maneələrin olduğu ilə bağlı fikirlər əsassızdır.

İngiltərə Xarici İşlər Nazirliyinin açıqlamalarının anlaşılmaz olduğunu bildirən AFFA-nın baş katibi “Çelsi” komandasının ötən mövsüm çempionlar liqasında Bakıda Qarabağla baş tutan oyununu xatırladıb.

Elxan Məmmədov onu da qeyd edib ki, bütün hazırlıqlar başa çatıb və Azərbaycan finalda iştirak edəcək komandaları və azarkeşləri yüksək səviyyədə qəbul etməyə hazırdır.

Qeyd edək ki, İngiltərə Xarici İşlər Nazirliyi Bakıya gələcək vətəndaşlarına bu ölkədə diqqətli olmağı və təhlükəsizliklə bağlı məsələlərin tam həllini tapmadığını bəyan edib. Azərbaycan tərəfi isə bu iddiaların əsassız olduğunu və Azərbaycanın böyük tədbirlər keçirmək ənənəsinin çoxdan mövcud olduğunu, buna görə də xarici vətəndaşların final oyununu izləmək üçün Bakıya gəlməsində heç bir narahatlıq olmadığını bəyan edib.(Xezerxeber.az)