Gələn ildən icbari tibbi sığorta sisteminin xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir.

Astarainfo.az Trend-ə istinadən məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, hazırda icbari tibbi sığorta sisteminin (İTS) baza zərfinə 1829 adda tibbi xidmət daxildir: “Bunlardan 480-i ambulator, 677- si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi, həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verir”.

Z.Əliyev qeyd edib ki, 2020-ci il 1 yanvar tarixində qüvvəyə minəcək “Tibbi sığorta haqqında” qanununa əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən – baza və əlavə hissələrdən ibarət olacaq: “Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Baza hissədən Azərbaycan vətəndaşları, Azərbaycanda daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir”.

Agentlik rəsmisi vurğulayıb ki, ölkə əhalisinin 45 faizini təşkil
edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar (Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub: “Nəzərinizə çatdırım ki, hazırda xidmətlər zərfi üzərində agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”.