Gənclərin hərbi vətənpərvərli tərbiyəsi diqqət mərkəzində

Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ötən dövr ərzində  istər idarəetmə mexanizminin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi,  çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi bir növ Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayır və 7 ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin kollektivi   qarşıya qoyulan bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səy və bacarığını əsirgəmir. Bunu son aylarda kollektiv tərəfindən həyata keçirilən tədbirlər və hərbi  vətənpərvərlik tərbiyəsinin təbliği ilə əlaqədar gördüyü işlər açıq aşkar sübut edir. Rayonda keçirilən bütün tədbirlərdə şöbənin rəhbərliyi yaxından iştirak etməklə, konkret və əməli təkliflərlə ictimaiyyət qarşısında çıxışlar edir. Təkcə may ayında Alman faşizmi üzərində qələbənin 74-cü, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş bayram tədbirlərində rayonumuzun bütün idarə, müəssisə və təşkilatları kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəhbərliyi və bütün kollektivi fəal iştirak edib. Müharibə veteranları ilə keçirilən səmimi və işgüzar görüşlərdə onların arzu və təklifləri dinlənilib. Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə abidə önünə əklil qoyan şöbəmizin kollektivinin hər bir üzvü  bu tədbirdə iştirak etməklə öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi  polkovnik Valeh Nəcəfov söhbət zamanı bildirdi ki,   Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun verdiyi tapşırıq və tövsiyələrin layiqincə yerinə yetirilməsi üçün şöbəmizin  kollektivi  bütün qüvvələri səfərbərliyə almışdır. Əsas vəzifəmiz rəhbərlik tərəfindən göndərilən bütün təlimatların operativ şəkildə və yüksək keyfiyyətlə icrasına nail olmaqdır. Çox çətin və məsuliyyətli işimizdə yeniliklərin tətbiqi, elektron informasiya sisteminə üstünlük verilməsi mühüm əhəmiyyət kəsb edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində “Vahid elektron informasiya sistemi” və elektron xidmətlərin göstərilməsi, ölkəmizdə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sistemi əsaslı şəkildə təkmilləşdirilib. Çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına nəzarət artırılıb, şəffaflığın təmin edilməsi, vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədilə Xidmətin internet saytı üzərindən elektron xidmətlərin həyata keçirilməsi ilə yanaşı sosial şəbəkə hesabları yaradılıb. SHXÇDX-nin  rəsmi internet saytı iki dildə (Azərbaycan və ingilis dillərində) yenidən müasir standartlara uyğun olaraq hazırlanıb və istifadəyə verilib. Bu yeniliklərin tətbiqi rayon şöbəsinin fəaliyyətinin də əsaslı şəkildə yaxşılaşmasına öz təsirini göstərib. Xüsusilə qeyd etmək istəyirəm ki, şöbəmizin əməkdaşları rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin diqqət və qayğısını həmişə hiss edirlər. Rayon rəhbərliyi gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində geniş izahat və maarifləndirmə işini hər zaman diqqət mərkəzində saxlayır. Rayon İcra Hakimiyyəti başçısı yanında şura iclaslarında müntəzəm olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış məsələləri geniş müzakirə olunur, bu sahədə şöbəmizə hərtərəfli kömək göstərilir, ərazi icra nümayəndələrinin və bələdiyyələrin bu istiqamətdə səmərəli fəaliyyət göstərmələri təmin olunur. İcra başçısı yeniyetmə gənclərin ali və orta ixtisas hərbi məktəblərə cəlb olunması işinə ciddi önəm verir. Həmin məktəblərə daxil olan məzunların maddi və mənəvi cəhətdən həvəsləndirilməsini daim diqqət mərkəzində saxlayır.

Şöbəmizin əməkdaşları rayon rəhbərliyinin göstərdiyi qayğı və etimada əməli işləri ilə cavab vermək üçün bütün imkanlardan səmərəli istifadə etməyə ciddi səy göstərirlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi tərəfindən göndərilən təlimatların tam şəkildə icrasını təmin edilməsi üçün rayon icra hakimiyyəti və rayonun digər əlaqədar təşkilatları ilə birlikdə yerlərdə qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstəririk.  Bu ilin birinci rübündə Astara şəhəri, Siyakü və Pensər kəndlərində səfərbərlik zamanı hərbi vəzifəlilərin vaxtında toplanması üçün xəbərdarlıq sahəsinin rəisləri və müavinləri,  hərbi vəzifəlilərin əvvəlcədən toplanış məntəqəsinin şəxsi heyəti ilə praktiki məşğələlər təşkil olunmuşdur. Hərbi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bunu nəzərə alan şöbənin şəxsi heyəti texniki baxışda rayon dövlət yol polisinin və hərbi hissənin nümayəndələrinin iştirakını təmin etmişdir.

Hərbi vətənpərvərlik tərbiyəsində təhsil müəssisələrində şöbənin əməkdaşları ilə müxtəlif mövzulara həsr olunmuş tədbirlərin keçirilməsi mühüm rol oynayır. Rayonun ümumtəhsil məktəblərində şagirdlər arasında hərbi vətənpərvərlik mövzusunda inşa müsabiqələri keçirilmiş, qaliblər maddi və mənəvi cəhətdən həvəsləndirilmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunaraq ehtiyata buraxılmış hərbi vəzifəlilərin təntənəli qarşılanması tədbiri artıq kollektivdə ənənəyə çevrilmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində bu ilin birinci rübündə müvafiq olaraq kişi cinsi vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması yüksək səviyyədə başa çatdırılmışdır.

Şöbənin rəisi polkovnik Valeh Nəcəfov söhbətimizin sonunda  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  və rayon rəhbərliyi tərəfindən   göstərilən hərtərəfli diqqət və qayğıya görə dərin təşəkkür və minnətdarlığını xüsusi vurğuladı. Qeyd etdi ki,  gələcəkdə öhdəmizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün var qüvvəmizi əsirgəməyəcəyik.

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinin təşkili və hərbi işə maraq oyadan kütləvi tədbirlər, hərbi hissələrə ekskursiyaların təşkili, əsgər həyatı və hərbi texnika ilə yaxından tanışlıq kimi maraqlı tədbirlərin keçirilməsi sahəsində bundan sonra da fəallığı daha da artıracaqdır.

Fəridə Söhrabqızı

Astarainfo.az