Ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi var. Konstitusiyaya görə din dövlətdən ayrı olsa da, əslində din və dövlət bir-birinin yanındadır. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanın uğurlu inkişafı dövlət-din münasibətlərinin uğurlu inkişafından böyük dərəcədə asılıdır.

Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində söyləyib.

Prezident deyib ki, dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır. Dünyanın gələcəyi ilə bağlı, sabitliyin gələcəyi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Bizim əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir. Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.