Astara Rayon Mərkəzi Kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə insan hüquqlarının qorunmasında milli-mənəvi dəyərlərin rolundan danışaraq, ölkəmizdə tolerantlıq və multikultural ənənələrin insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm rol oynadığını bildirib.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Qeyd edilib ki, demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul olunub.

Diqqətə çatdırılıb ki, “İnsan hüquqları aylığı” çərçivəsində Milli Fəaliyyət Proqramının müddəalarına əsaslanmaqla ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının səmərəli müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Astarainfo.az