Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gələn Çinin Anhui Kənd Təsərrüfatı Universitetinin çayçılıq üzrə mütəxəssis və alimləri “Astaraçay” MMC-nin çay fabrikində olublar.

Qonaqlara “Astaraçay” MMC-nin çay fabrikində istehsal prosesi, “Çay muzeyi”ndə nümayiş etdirilən məhsullar və eksponatlarla tanış olub, Astara çayının dadına baxıblar.

“Astaraçay” MMC-nin çay fabrikinin ərazisi və istehsal prosesi ilə tanışlıq zamanı məlumat verilib ki, fabrik Koreya Respublikası, Yaponiya və Almaniya şirkətlərinin layihəsi əsasında tikilib. 5 hektar əraziyə malik çay fabrikinin istehsal gücü gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 48 tona çatdırmaq nəzərdə tutulub.

Bildirilib ki, müasir standartlar səviyyəsində qurulmuş çəkici-bükücü müəssisədə çəkisi 100, 200, 250, 300, 400, 500 və 1000 qram olan çay bükümləri hazırlanır. Burada dəqiqədə 8 çay bükümünün istehsalı mümkündür.

Xəzər Universitetinin Həyat Elmləri Departamentinin rəhbəri Asəf Ömərov Astarainfo.az-a açıqlamasında  bildirib ki, səfərin məqsədi qədim Azərbaycan çay sortlarını araşdırmaq, tapmaq təkcə bir neçə aspektdən yox ümumiyyətlə Azərbaycanda olan qədim çay bitkisi haqqında bütün məlumatları araşdırıb öyrənməkdir. Həmçinin qeyd edilib ki,  Xəzər Universiteti ilə Çinin Anhui universiteti arasında tələbə, təcrübə və tədqiqat  memorandumu imzalanacaqdır.

Anhui Kənd Təsərrüfatı Universitetinin professoru Wan Xiaochun – İlk dəfədir ki, Azərbaycanda oluram . Bura gəlməkdə məqsədimiz  yetişdirilən çay məhsullarını öyrənmək və Xəzər Universitetinin alimləri ilə birlikdə tədqiq etməkdir.  Biz burada çayçılıq avadanlıqlarının yüksək səviyyədə qurulduğunun şahidi olduq. Mən həmçinin Çində çayın texnoloji proseslər üzrə də rəhbəriyəm. Qeyd edim ki, sizdə texnoloji proseslər yüksək səviyyədədir və qara çayınızın keyfiyyəti çox xoşuma gəldi. Biz də bundan sonra Azərbaycan ilə əlaqələrimizi bu sahədə genişləndirəcək və Azərbaycan çayının keyfiyyətinin daha da artırılması üçün səylərimizi əsirgəməyəcəyik.

 Astarainfo.az