Ötən gün Astarada qəzaya düşən ailə üzvlərindən daha biri xəstəxanada ölüb.

Qəzadan sonra reanimasiya şöbəsinə yerləşdirilən Lerik rayon Kaqoy kənd sakini 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Astara rayonunun Taxtanakəran kəndi ərazisində baş vermişdi. Lerik rayonu Kaqoy kənd sakini, 1981-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov idarə etdiyi “Niva”markalı avtomobilə idarəetməni itirərək dağlıq-meşəlik ərazidə yoldan çıxaraq dərəyə aşıb. Sürücü və bir ailənin 4 üzvü ağır bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərovanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərov-ata, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərova-qızı və sürücü 1981-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradovun müalicəsi davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisəyə nəqliyyat vasitəsində əyləc sisteminin sıradan çıxmasının səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.(Report)