Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür. Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndərimiz ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin qəlbində yaşayır.

Hər bir xalqın tarixi şans və milli iradə əsasında müstəqil dövlət qurmaq sistəyini gerçəkləşdirməsi, ilk növbədə, lider fenomeni ilə bağlıdır. Müasir müstəqil Azərbaycan öz memarı və qurucusu-Böyük Azərbaycanlı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyini böyük təntənə ilə qeyd edir. Ulu öndərin Azərbaycana rəhbərlik dövrü xalqımızın tarixi yaddaşına Heydər Əliyev epoxası kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf modelinin uzunömürlülüyünü təmin edən üç universal irs yaratmışdır – milli ideologiya, milli dövlətçilik və milli dövlət. Bunların hər biri ayrı-ayrılıqda Heydər Əliyevin ümummilli lider statusu üçün kifayət edərdi. Ancaq Heydər Əliyev xarizmatik lider, zəngin dövlətçilik təcrübəsinə malik siyasi xadim olduğuna görə hər bir məsələyə kompleks yanaşma onun fəaliyyətinin xarakterik cəhəti idi. Tam qətiyyətlə demək olar ki, Heydər Əliyev bütün ömrünü vətənpərvərlik hissi ilə yaşamışdır. Müasir Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial inkişaf parametrlərindən danışılarkən çox vaxt Heydər Əliyevin müstəqillik illərindəki titanik fəaliyyətinin nəticələri diqqətə çatdırılır. Ancaq yaxın tarixi keçmiş Azərbaycanda dövlətçilik hissinin və milli mənlik şüurunun hələ 1970-ci illərin əvvəllərindən formalaşdığını və sürətlə inkişaf etdiyini göstərir. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, dünya miqyasında tanınmağa başlamışdı.                                                            

Sərt imperiya qadağalarına baxmayaraq, Heydər Əliyev o dövrdə müstəsna siyasi çeviklik və uzaqgörənlik nümayiş etdirmiş, xalqımız və ölkəmiz üçün misilsiz işlər görmüş, tənəzzül girdabında boğulan Azərbaycanı ittifaqın qabaqcıl respublikaları sırasına çıxarmışdır. Heydər Əliyevin hakimiyyətinin sovet dönəmi Azərbaycanda ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur. Milli təəssübkeşlik hissi ilə zəngin olan bu quruculuq dövrünün baş memarı Heydər Əliyev idi. Sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur. Heydər Əliyev istər Azərbaycanda, istərsə də keçmiş ittifaq dövlətində ali rəhbər vəzifələrdə çalışarkən erməni millətçilərinin torpaqlarımıza olan iddialarına sipər çəkmişdi. Onlar hər dəfə baş qaldıranda Heydər Əliyev bu fitnəkarlığa qarşı qətiyyətli, sərt və barışmaz mövqe nümayiş etdirmişdir. Fenomen şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdaraq ölkəmizi faciələrdən, dövlətimizi məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas etmiş, bu gün artıq dünya birliyində öz layiqli yerini tutan müstəqil Azərbaycan dövlətini qurmuş, qısa müddətdə sürətli inkişaf yoluna çıxarmışdır.                                                                                     

  Ulu öndərimiz Heydər Əliyevin siyasi uzaqgörənliyinin, yenilməz qətiyyətinin, prinsipiallığının və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkəmizin iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrinin inkişafına güclü təkan verməklə yanaşı, Azərbaycanda hüquqi islahatların daha sürətlə aparılmasına geniş imkanlar açmışdır. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkərək, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaratmışdır. Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı respublikamızın hüquq mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətində də əsaslı dönüş yaradılmasına səbəb olub, çox ciddi intizam və tələbkarlıq şəraiti formalaşdırılmaqla dövlət mənafeyinin müdafiəsi məsələləri ön plana çəkilib. Məhz xalqımızın ümummilli liderinin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilməklə, bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər edilmiş, «cəzanın labüdlüyü» prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülüb. Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirə prokurorluğun tarixində əsl dönüş nöqtəsi oldu, ölkəmizdə aparılan möhtəşəm yenidənqurma proseslərindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara başlanıldı, Heydər Əliyevin həmin müşavirədəki tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirdi.                                         

Onun tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olub. Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev respublikamızda demokratik hüquqi islahatları uğurla davam etdirməklə yanaşı, peşəkar və yüksək döyüş qabiliyyətli, nizami ordu quruculuğuna da xüsusi diqqət yetirir, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, şəxsi heyətdə vətənpərvərlik əhval-ruhiyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Təqdirəlayiq haldır ki, prokurorluq işçiləri bu sahədə üzərinə düşən məsuliyyəti, dövlət başçısının yüksək etimadını dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və demokratik məzmunda yenidən formalaşmasına görə də, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. 

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub.                                     Bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də milli prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur. 

Ölkə başçısının siyasi iradəsinə müvafiq olaraq, korrupsiyaya qarşı mübarizə işinin təşkilində prokurorluq orqanlarının məsuliyyətinin daha da artırılması, ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorluğun tərkibində yaradılması, onun fəaliyyətinin mütəmadi olaraq təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində zəruri tədbirlərin həyata keçirilməsi yüksək etimadın təzahürüdür.  Bu gün uğurlu bir dövlətə sahib olduğumuz üçün məhz dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevə borcluyuq. Bunu hər birimiz, ilk növbədə, gənc nəsil çox yaxşı dərk edir. Bizim vəzifəmiz dövlətimizi daha da inkişaf etdirmək, siyasi, sosial, iqtisadi və digər sahələrdə daha böyük uğurlar qazanmaq, həmrəy olmaq, müstəqilliyimizi daha da möhkəmlətməkdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev ölkəmizi məhz bu yolla aparır. Hər birimiz bu yolda dövlət başçısının yanında dayanmalı və ona dəstək olmalıyıq.

  Tural Xantəmirov

Lənkəran Hərbi Prokurorunun müavini, Ədliyyə kapitanı.

Astarainfo.az