Dövlət İmtahan Mərkəzi iyunun 9-da ölkəmizin cənub bölgəsinin orta ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün cənub bölgəsinin 3 rayonunda – Astara, Lənkəran və Biləsuvar rayonlarında, ümumilikdə, 12 imtahan mərkəzi ayrılıb. İmtahanların idarə olunmasına 43 imtahan rəhbəri, 440 nəzarətçi-müəllim cəlb olunub.

Saat 11:00-da başlayan və üç saat davam edən imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib.

Buraxılış imtahanının ikinci mərhələsində Astarada 1196, Lənkəranda 2383, Biləsuvarda 1382 IX sinif şagirdi iştirak edib.

Astara şəhərindəki 5 nömrəli tam orta məktəbdə keçirilən buraxılış imtahanının ikinci mərhələsində qeydiyyatdan keçmiş 427 nəfər IX sinif şagirdindən 26 nəfəri (13 oğlan və 13 qız) imtahana gəlməyib. (AZƏRTAC)