İyunun 14-də Astara rayonundakı ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.
1 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Təhsil Nazirliyinin daxil nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev,  icra hakimiyyətinin  məsul işçisi Mirzə Bayramov, təhsil şöbəsinin müdiri Rəşad Həsənov,  “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, müəllimlər, şagirdlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət himninin sədaları altında, Azərbaycan Respublikasının Dövlət bayrağının səhnəyə gətirilməsi ilə başalanıb.

Məktəbin direktoru Xədicə Əliyeva məzunları, onların valideynlərini və qonaqları salamlayaraq, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. Xədicə Əliyeva Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib və builki məzunlara  ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulayıb.

Tədbirdə çıxış edən icra hakimiyyətinin məsul işçisi Mirzə Bayramov icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təbrik məktubunu məzunlara çatdıraraq xoş arzularını bildirib.

Daha sonra çıxış edən  Təhsil Nazirliyinin daxil nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, təhsil şöbəsinin müdiri Rəşad Həsənov,  “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən söz açıb, bütün sahələrə olduğu kimi təhsilə göstərilən  yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Çıxış edənlər müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar diləyiblər.

Mərasimdə müəllimlərin və şagirdlərin bir qrupuna fəxri fərmanlar təqdim edilib.

“Son zəng” mərasimi məktəblilərin hazırladıqları musiqili, ədəbi-bədii proqramla davam edib.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Astara rayonunun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdən 1247 nəfəri IX, 724 nəfəri isə XI sinfi bitirib.

Nicat Raufoğlu

Astarainfo.az