Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Astara rayonunda 11,6 kilometr uzunluğa malik 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunda genişmiqyaslı yenidənqurma işləri aparır.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, rayonun 20 mindən çox əhalisi olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş yaşayış məntəqələrini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq, 12 metr enində yeni yol yatağı inşa edilib. Həmçinin suvarma məqsədilə tikilmiş metal borular yararsız vəziyyətdə olduğu üçün zəruri yerlərdə diametri 300 və 500 millimetr olan yeni borular quraşdırılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yolboyu 130 min kvadratmetr sahədə yol əsasının alt və üst layının inşası işləri aparılır. Bundan başqa, yolun kənarı ilə səth sularının kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa olunur, həmçinin zəruri ərazilərdə istinad divarları tikilir. Daha sonra yola iri və xırda dənəli asfalt-beton örtüyü döşənəcək. Son mərhələdə yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Yolun yenidən qurulması ilə vətəndaşların istər rayon mərkəzinə, istərsə də Ələt-Astara magistral avtomobil yolu vasitəsi ilə respublikanın digər şəhər və rayonlarına rahat gediş-gəlişi təmin olunacaq.(AZƏRTAC)