Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, iyunun 28-də Baş prokuror Zakir Qaralov Astara Rayon Prokurorluğunun inzibati binasında Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror Zakir Qaralov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror Zakir Qaralov bölgədə yaşayan 19 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Astarainfo.az