Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunda əhaliyə nümunəvi xidmət göstərilməsi diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son aylarda həyata keçirdiyi islahatlar bütün sahələrdə uğurlar qazanılmasını təmin edir. Sosial siyasət sahəsində əsas istiqamət aztəminatlı ailələrin maddi-rifah halının yaxşılaşdırılmasına yönəlmişdir.  Əmək haqqı və təqaüdlərin ardıcıl olaraq artırılması əhaliyə göstərilən diqqət və qayğının parlaq sübutudur. Həyata keçirilən islahatlar sosial-iqtisadi həyatın bütün sahələrini, o cümlədən mühüm strateji əhəmiyyət daşıyan gömrük xidmətində də uğurlu nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Bunu gömrük xidmətindən dövlət büdcəsinə daxilolmaların hiss olunacaq dərəcədə artması sübut edir.
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunda olarkən hər yerdə coşqun ruh yüksəkliyinin, möhkəm nizam-intizamın və səliqə-sahmanın şahidi olduq. İlk növbədə diqqətimizi cəlb edən cəhət gömrük xidmətindən istifadə edən vətəndaşların növbə əsasında, rahat şəkildə mövcud prosedurlardan keçməsi, gömrük xidməti işçilərinin səmimi münasibəti və vətəndaşların xidmətdən razı qalmaları oldu. Burada vətəndaşların hər bir müraciətinə həssaslıqla yanaşılır, qaldırdıqları məsələlərin və problemlərin operativ həllinə diqqət yetirilir. Astara şəhər sakini Məmləkət Qəhrəmanovanın başına gələn hadisə və gömrük xidməti işçiləri tərəfindən onun probleminin qısa müddətdə həll olunması dediklərimizi sübut edir. 12 iyun 2019-cu il tarixdə İran İslam Respublikasından qayıdanda Astara Gömrük Postundan keçəndən sonra pul kisəsini itirdiyi barədə M. Qəhrəmanova gömrük əməkdaşlarına məlumat vermişdir. Gömrük əməkdaşları bununla əlaqədar ətraflı araşdırma aparmış və ən qısa müddətdə M.Qəhrəmanovanın itirdiyi pul kisəsinin tapılıb ona verilməsi təmin olunmuşdur. Bununla əlaqədar M.Qəhrəmanova gömrük əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmiş, minnətdarlığını bildirmişdir. 
Astara Gömrük Postunun rəisi Hüseyn Məsumovla görüşərkən ona ilk təəssüratlarım barədə fikirlərimi bildirdim, vətəndaşlara göstərilən xidmətdən razı qalanların fikirlərini çatdırdım. Gömrük Postu rəhbərliyi tərəfindən son dövrdə ərazidə geniş abadlıq-quruculuq işlərinin aparıldığı, əməkdaşların əhali ilə davranışlarının yüksək səviyyəyə çatdırılması istiqamətində xeyli irəliləyişlərin olduğu barədə gördüklərimiz bizi daha çox sevindirirdi.
Astara Gömrük Postunda əhaliyə göstərilən xidmətin vəziyyəti ilə yerində tanış olduq. Tətbiq edilən yeniliklər, müasir tələblərə cavab verən aparat və avadanlıqlar barədə geniş məlumat aldıq. Bir neçə saat ərzində beynəlxalq standartlara cavab verən, geniş və yaraşıqlı binada yerləşən gömrük postunun bütün ərazisini, idxal-ixrac, sərnişin və nəqliyyat gömrük nəzarət xətti yerləşən məntəqələri və digər xidmət obyektlərini gəzərkən bir daha  hər yerdə işə məsuliyyətlə və peşəkarlıqla  yanaşıldığının şahidi olduq. Azərbaycan vətəndaşlarının rahat şəkildə gömrük xidmətindən istifadə etməklə  İran İslam Respublikasına gediş-gəlişi üçün son dövrdə mühüm yeniliklər tətbiq olunmuşdur. Xəstə, əlil, ahıl yaşlı insanların növbədənkənar gömrük xidmətindən istifadə etmələrinə ciddi diqqət yetirilir. Hətta onların yüklərinin təmənnasız olaraq daşınmasının təşkili böyük razılıqla qarşılanmışdır. Piyada keçid xəttində sıxlıqların tənzim edilməsi üçün bir sıra tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir. Son aylarda əhaliyə göstərilən nümunəvi gömrük xidmətindən razılıq edən sakinlərlə söhbətimiz maraqlı oldu. Xüsusən ağsaqqallara, əlillərə, xəstələrə gömrük əməkdaşları tərəfindən ciddi diqqət və qayğı göstərilir. 
Gömrük xidmətində gənc, istedadlı, bacarıqlı və savadlı kadrların işə cəlb olunması daim diqqət mərkəzindədir. Son dövrdə postda işə götürülən kadrların gəncləşdirilməsi ümumi işə böyük səmərə verir. Rəhbərliyin qayğısı nəticəsində gecə növbəsində işləyən əməkdaşların növbəli istirahəti təşkil olunmuş, onların istirahəti və dincəlməsi üçün otaqlar yaradılmışdır.
Gömrük postunun yerləşdiyi ərazidə idxal-ixrac, sərnişin-nəqliyyat gömrük ixrac xəttində həyata keçirilən müxtəlif təhlükəsizlik tədbirlərini maraqla izlədik. Diqqəti cəlb edən hal o idi ki, fiziki və hüquqi şəxslər, sürücülər, idxal-ixrac əməliyyatı ilə məşğul olanlar bütün yoxlama və sənədlərin hazırlanması şəffaf, tam aşkarlıq şəraitində, heç bir nağd əməliyyat aparılmadan keçirilir. “Bir pəncərə” sisteminin tətbiqi  gömrük xidmətindən istifadə edənlərin böyük sevincinə səbəb olmuşdur. Burada bütün əməliyyatlar qısa müddətdə və tam dəqiqliklə yerinə yetirilir.
Astara Gömrük Postunun ərazisində mobil gömrük şöbəsinin fəaliyyəti ilə tanışlıq bizdə böyük marağa səbəb oldu. Öyrəndik ki, Azərbaycan Respublikasına gələn tranzit yük nəqliyyat vasitələri respublikanın ərazisini məsafədən asılı olaraq müəyyən olunmuş müddətdə tərk etməlidirlər. Bu müddət ərzində ölkə ərazisində həmin yük nəqliyyat vasitələri GPS aparatı vasitəsi ilə müntəzəm olaraq izlənilir. Ərazidə poçt və sığorta şöbələrinin səmərəli fəaliyyəti fiziki və hüquqi şəxslərin rahat şəkildə idxal və ixrac əməliyyatları aparılmasına öz köməyini göstərir.
Narkotik vasitələrin axtarışında mühüm rol oynayan xidməti axtarış itlərindən istifadə olunması ümumi işə çox böyük fayda verir.  Xidməti itlərin köməyi ilə narkotik vasitələrin ən qısa müddətdə tapılıb aşkara çıxarılması təmin olunur.
 Qazanılan uğurlarda Gömrük Komitəsi rəhbərliyinin, xüsusən komitə sədri Səfər Mehdiyevin gündəlik diqqət və qayğısının müstəsna rol oynayır. Rəhbərliyin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində konkret və əməli tədbirlər görülür, verilən tapşırıq və tövsiyələrin icrası təmin olunur.   Göstərilən hərtərəfli kömək nəticəsində elektron xidmət və digər müasir tələblərə cavab verən, beynəlxalq standartlara uyğun yeniliklərin tətbiqi öz faydalı nəticələrini açıq-aşkar göstərir.  Vahid Avtomatlaşdırılmış İdarəetmə sistemi(VAİS), “Bir pəncərə” prinsipi, “Yaşıl Dəhliz” buraxılış sistemi və digər yeniliklərin tətbiqi məmur-vətəndaş təmaslarını mümkün olduğu qədər azaltmağa, şəffaflığın təmin olunmasına şərait yaradır. Astara Gömrük Postu hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə təmin olunması sahəsində respublika üzrə ön sıralarda gedir.
Astara Gömrük Postunun rəisi Hüseyn Məsumov rayonumuzda bütün sahələrdə, xüsusən abadlıq və quruculuq sahəsində aparılan genişmiqyaslı layihələrin böyük uğur qazandığını, bu işdə rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayevin səmərəli fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, bu gün Astara rayonuna gələn hər bir qonaq öz heyranlığını gizlədə bilmir. Dənizkənarı Park Bulvarda, şəhər, qəsəbə və kəndlərimizdə görülən quruculuq işlərindən razılıqlarını xüsusi sevinclə ifadə edirlər. Bütün bunlar biz gömrük işçilərini əhaliyə daha yüksək səviyyədə xidmət etməyə ruhlandırır, məsuliyyət hissimizi artırır.
Astara Gömrük Postunda  son aylarda  xidmət sahəsində əsaslı  dəyişikliklərin olması,  şəffaflığın artırılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, elektronlaşdırılması, gömrük-biznes, gömrük-vətəndaş təmaslarının minimuma endirilməsi, gənc və peşəkar kadrların önə çəkilməsi və digər yeniliklərin geniş tətbiqi sevincimizə səbəb oldu.
Əmin olduq ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postu bundan sonra da əhaliyə nümunəvi xidmət göstərilməsi sahəsində yeni-yeni uğurlar qazanacaq.
 Fəridə Ağazadə

Astarainfo.az