Son illər Astara rayonunda ənənəvi təsərrüfat sahələri olan çayçılığın, çəltikçiliyin və sitrusçuluğun inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilib. Sututarlara yaxın ərazilərdə və çay vadilərində çəltik, rayonun dağlıq ərazisində meşə ilə örtülü olmayan torpaqlarda isə sitrus bitkiləri əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2017-2018-ci illərdə rayonda çəltik əkilən sahələri 3 dəfədən çox artıb, 800 hektaradək yeni sitrus bağları salınıb. Hazırda rayonda 3200 hektar sitrus bağı, 500 hektaradək çəltik, 345 hektar çay sahələri mövcuddur. Ümumilikdə, 1500 hektaradək torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.

Rayonun 4 min 519 hektar əkin sahəsini suvarma suyu ilə Astara Suvarma Sistemləri İdarəsi təmin edir. Sahələrin suvarılması üçün əsasən 4 su mənbəyindən istifadə edilir – Astaracay, Pensərcay, Lovain su anbarı və Xanbulançay su anbarı. Rayonun əsas suvarma mənbəyi olan Lovayın su anbarının ümumi həcmi 6,3 milyon kubmetr, suvarma sahəsi 1700 hektardır. Kijəbə qədəbəsindəki və Şüvü kəndindəki sitrus bağları və çay sahələri bu su anbarından suvarılır.

Lovain su nasos stansiyasının imkanlarından müəyyən ərazilərdə Ərçivan kəndinin çəltik sahələrinin suvarılmasında da istifadə olunur. Son illər rayonda meliorasiya sahəsində görülən işlər çərçivəsində Lovain su anbarının, eləcə də Şüvu-Lovain kanalının beton üzlüyü tamamilə dəyişdirilib, yenisi ilə əvəz olunub. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 20 kilometr ərazidə sıradan çıxmış borular yenisi ilə əvəz edilib. Hər il mövsümün əvvəlində Lovain nasos stansiyasında təmir işləri görülür. İki il əvvəl elektrik avadanlıqları tamamilə təmizlənərək saz vəziyyətə gətirilib.

Suvarmanın mütəşəkkil keçirilməsi üçün ötən ilin oktyabrından başlayaraq rayon ərazisində 50 kilometr dən çox kanallar təmizlənib və mexanizmin hərəkəti mümkün olmayan yerlərdə isə əllə lildən təmizləmə işləri aparılıb və bu işlər mütəmadi davam etdirilir.Rayonda əkin sahələrinin və evlərin sel sularından mühafizəsi üçün də müvafiq tədbirlər görülüb. Pensər çayı üzərində sahilbəkitmə işləri aparılıb, istinad divarları tikilib. Görülən işlər Astara şəhəri və Suparibağ ərazi vahidliyinin çayla sərhəd olan kəndləri sel daşqınlarından qoruyacaq.(AZƏRTAC-Bağır Əliyev)