Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar Astara Rayon Mərkəzi Kitabxanasında kitab sərgisi, Rayon Dövlət Rəsm Qalereyasında isə gənc və həvəskar rəssamların əl işlərindən ibarət geniş sərgi təşkil edilib.

Bu münasibətlə Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə kitabxananın Xidmət şöbəsinin müdiri Yaqut Nəzərova və kitabxanaçı Gülzar Məhərrəmova UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə iştirakçılara məlumat veriblər.

Qeyd olunub ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması artıq dünya birliyində də yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin reytinqinin yüksək səviyyədə olmasından xəbər verir.

Digər çıxış edənlər Azərbaycan-UNESKO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərindən danışıblar.

Astara Dövlət Rəsm Qalereyasında isə UNESKO–nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına həsr olunmuş gənc və həvəskar rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib.(AZƏRTAC-Bağır Əliyev)