UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Bakının ev sahibliyi etməsi və Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi sevindiricidir. Bu önəmli hadisə Misir ictimaiyyəti və Azərbaycan diasporu tərəfindən çox yüksək qiymətləndirilir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov söyləyib. O deyib ki, Misirdə yaşayan azərbaycanlılar bu nailiyyətə görə böyük qürur hissi keçirirlər. “Bu tədbirin Bakıda keçirilməsi çox mühüm və əlamətdar hadisədir. Azərbaycan dəfələrlə olduğu kimi, bu dünya miqyaslı tədbirə də ən yüksək səviyyəli təşkilatçılıqla ev sahibliyi edir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu xarici siyasətin, Birinci vitse-prezident və UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı nəticəsində bu təşkilatla tərəfdaşlığın yüksək səviyyədə inkişafının göstəricisi kimi çox yüksək qiymətləndirilir. Sözsüz ki, bu nüfuzlu tədbirə ev sahibliyi etməklə və eyni zamanda, komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqları tarixində öz müsbət izini qoyacaq və mədəni irsin qorunub saxlanılmasına töhfəsini verəcək. Xüsusi qeyd etmək istəyirəm ki, bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi dünya ictimaiyyətində Azərbaycana olan etibarın və inamın parlaq nümunəsidir”, – deyə Seymur Nəsirov qeyd edib.

Diaspor rəhbəri vurğulayıb ki, Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xalqımızın beynəlxalq aləmdə daha bir mədəni və siyasi qələbəsi, eyni zamanda, dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq miqyasda növbəti təsdiqidir.