Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində “Dağlılar” devizi ilə keçirilən IX Beynəlxalq Folklor və Ənənəvi Mədəniyyət Festivalı başa çatıb.

2004-cü ildən keçirilən festival 2012-ci ildən UNESCO-nun himayəsi altında təşkil olunur.

Beynəlxalq festival Dağıstan Respublikası başçısının dəstəyi, Rusiya Mədəniyyət Nazirliyi, V.D.Polenov adına Rusiya Dövlət Xalq Yaradıcılıq Evi, Dağıstan Respublikası Mədəniyyət Nazirliyi, Dağıstanın Mədəniyyət Nazirliyinin Respublika Xalq Yaradıcılığı Evi, Rusiya Federasiyasının UNESCO-nun İşləri üzrə Komissiyasının Dağıstan bölməsi nəzdində Qeyri-Maddi Mədəni İrs Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Builki festivalda Azərbaycan, Çexiya, Slovakiya, Serbiya, İran, Hindistan, Qazaxıstandan yaradıcı kollektivlər və Dağıstan Respublikasını təmsil edən 50-dən çox folklor kollektivi iştirak edib.

Festivalda Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Aşıqlar Birliyinin üzvü, Astara rayonundakı Sım Kənd Folklor Evinin direktoru Aşıq Elxan Əliyev uğurla çıxış edib.

Aşıq Elxan Əliyev Şirvan aşıq məktəbini təmsil etməklə uğurlu çıxışına görə beynəlxalq festivalın diplomuna layiq görülüb.(AZƏRTAC-Bağır Əliyev)