Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata əsəsən, Bakıdan Astaraya “Tofaş” markalı avtomobillə sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyənləşdirilib.

Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Ə.Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən narkotik vasitə və bir şpris aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır. (AZƏRTAC-Bağır Əliyev)