Əhalinin sayı və tərkibi haqqında siyahıyaalma məlumatları sosial və iqtisadi inkişafın planlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

SSRİ dövründə Azərbaycan əhalisinin siyahıyaalınması ilk dəfə 1926-cı ilin dekabrında aparılmışdı. Müstəqil Azərbaycan Respublikasında ilk dəfə əhalinin dövlət səviyyəsində siyahıyaalınması isə ümummilli lider Heydər Əliyevin “1999-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 1996-cı il 22 fevral tarixli Sərəncamı ilə baş tutmuşdu.

Uzun illər davam edən müharibə şəraitinin əhalinin həyat və məişətində dərin izlər buraxdığına baxmayaraq, həmin siyahıyaalmadan ötən dövr ərzində ölkədə aparılan çoxşaxəli islahatlar nəticəsində əhalinin sayı artıb, həyat şəraiti və güzəranı xeyli yaxşılaşıb.

Müstəqil Azərbaycanda əhalinin ikinci siyahıyaalınması 10 il sonra Prezident İlham Əliyevin 2006-cı il 7 iyun tarixli Fərmanına əsasən, 2009-cu il aprelin 13-dən 22-dək keçirilib. Sonuncu dəfə keçirilmiş siyahıyaalmadan ötən 10 ildə ölkə əhalisinin sayı, tərkibi və inzibati ərazi bölgüsü üzrə digər demoqrafik göstəricilər xeyli dəyişib. Sosial-iqtisadi inkişaf sahəsində çağdaş problemlərin həllinə ünvanlanan strategiya və dövlət proqramlarına olan ehtiyac əhali haqqında tutarlı demoqrafik məlumatların toplanması üçün yeni siyahıyaalmanın keçirilməsi zərurətini yaradıb. Məhz buna görə də, ölkə başçısının 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən, 2019-cu il oktyabrın 1-10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulub.

Astara Rayon Statistika İdarəsindən  verilən məlumata görə, Fərmanın icrasını təmin etmək məqsədilə rayonda əhalinin siyahıyaalınmasına ciddi hazırlıq işləri görülür. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Astarada əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılıb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 17 yanvar tarixli Sərəncamı ilə əhalinin siyhıyaalınmasının keçirilməsi üzrə “Təqvim planı” təsdiq edilib. Astara Rayon Statistika İdarəsi həmin “Təqvim planı”nda nəzərdə tutulan təşkilati işlərin icra müddətləri üzrə icrasını təmin etmək üçün hazırlıq işlərini davam etdirir.

Astara rayonu üzrə yaşayış məntəqələrinin adlarının və inzibati sərhədlərinin dəqiqləşdirilməsi, küçələrin adlarının, məhəllələrin, evlərin və mənzillərin nömrələrinin qaydaya salınması təmin edilib, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədləri əsasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi formalar üzrə məlumatları yerli icra hakimiyyəti orqanlarından təhvil alıb və onlardakı məlumat əsasnda yaşayış məntəqələri üzrə işlənmiş yekunlar, həmçinin siyahıyaalmanın keçirilməsi ilə bağlı təşkilati plan tərtib edilərək siyahıyaalma qrupuna təqdim olunub.

Hazırda siyahıyaalma məntəqələrinin işinə cəlb olunacaq şəxslərin seçilməsi və siyahıların təsdiqi prosesi davam edir.(AZƏRTAC-Bağır Əliyev)