Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə iyul ayının 15-dən Gəncə şəhərində həyata keçirilən “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsinin icrasına başlanılıb.

Təşkilatın sədri Lamiyə İsazadə qeyd edib ki, cəmiyyətin həssas üzvləri olan, valideyn himayəsindən məhrum olan uşaqların taleyi dinindən, irqindən asılı olmayaraq hamını narahat edir. Onlar 18 yaşa qədər dövlətin himayəsində olsalar da, 18 yaşdan sonrakı həyatları bizləri daha çox narahat edir. Uşaq evində yaşayan uşaqların çox az hissəsi ali məktəblərə qəbul olub, öz həyatlarını sığortalayırlar. Bəs təhsil almayan uşaqların aqibəti necə olur?! Əgər həmin uşaqlar heç bir təhsilə, sənətə sahib deyillərsə, küçə həyatı yaşamağa məhkum olurlar. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün bu və ya buna bənzər layihələrin icrasını zəruri hesab edirik.

Hal-hazırda icra etdiyimiz “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsinin əsas məqsədi Gəncə şəhərində, valideyn himayəsindən məhrum olan, uşaq evlərində yaşayan uşaqlara Gəncə Gənclər Evində 3 aylıq  dekorativ-tətbiqi sənət kursunu həyata keçirməkdir.  Bu sənətə bədii şüşə sənəti, ebru (su üzərində rəsm), bədii tikmə sənəti (naxışların salınması) aiddir. Üç aylıq kursun yekununda uşaqların əl işlərinin sərgisi Gəncə və Bakı şəhərlərində keçiriləcəkdir.

Uşaqlar kursa çox böyük həvəslə gəlib, sənət öyrənməyə çalışırlar. Onlara çox istedadlı, bacarıqlı, Gəncə Gənclər Evinin dekorativ-tətbiqi sənət müəlliməsi Sona Məhərrəmova dərs keçir. Fürsətdən istifadə edib Gəncə şəhər Gənclər Evinin rəhbəri Amil Qurbanova uşaqlara göstərdiyi diqqət və qayğıya görə, təmənnasız yaratdığı şəraitə görə xüsusi minnətdarlığımızı bildiririk. Və biz inanırıq ki, bu layihədən sonra uşaqlar bir daha əmin olacaqlar ki, onlar tək deyillər. Dövlətimiz, cəmiyyətimiz onlara nə qədər dəyər verir. O zaman onlar özlərini atılmış deyil, cəmiyyətimiz üçün nə qədər gərəkli, dəyərli olduqlarını dərk edəcəklər.   

Astarainfo.az