Avqustun 27-də Astara Rayon Mədəniyyət Mərkəzində tanınmış musiqiçi Cəlal Mədətzadənin 70 illik yubileyi qeyd olunub.

Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzəli Bayramov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, İdarənin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov, Astara Şəhər Bələdiyyəsinin sədri Aygül Abdullayeva, Astara Rayon Ziyalılar Cəmiyyətinin sədri Mircəfər Babazadə, YAP Astara Rayon Təşkilatının sədri Firudin Əhmədov, Fəxri mədəniyyət işçiləri Fərbiyyə Şabanova və Firudin Quliyev, “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı, yubilyarın sənət dostları Cəlal Mədətovu 70 illik yubileyi münasibətilə təbrik edərək ona ən xoş arzularını çatdırıblar.

Çıxışlarda qeyd olunub ki, Cəlal Mədətzadə rayonda keçirilən tədbirlərdə həmişə fəallığı ilə seçilib. Uzun müddət Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının bədii rəhbəri olub, respublika və beynəlxalq baxış müsabiqələrində, festivallarda çıxış edib. C.Mədətzadənin Türkiyədə keçirilən Dostluq və Qardaşlıq Festivalında, İranda, Rusiyada və digər ölkələrdə çıxışları yüksək qiymətləndirilib. O, müxtəlif mükafatlara, diplomlara, fəxri fərmanlara layiq görülüb.

C.Mədətzadə, həmçinin uzun müddət Astara Rayon Uşaq Musiqi Məktəbində müəllim işləyib. Onun yetirmələri Respublika və beynəlxalq musiqi müsabiqələrində rayonu layiqincə təmsil edirlər.

Mərasimdə yubilyara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən C.Mədətzadə qarmonda muğamlarımızdan, rəqslərdən parçalar ifa edib.

Yubiley tədbirində Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” ansamblının və Kakalos Folklor Evinin “Əvəsor” folklor kollektivinin çıxışları tamaşaçılarda xoş ovqat yaradıb.(AZƏRTAC-Bağır Əliyev)