Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının növbəti uğurlu əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Muradov külli miqdarda tiryəki satarkən cinayət başında saxlanılıb.

Astara şəhəri, Həzi Aslanov küçəsində saxlanılan N.Muradovun əlindəki sellafon torbadan 6 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 930 qram tiryək aşkarlanaraq götürülüb. N.Muradov narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Səyavuş adlı şəxsdən əldə etdiyini bildirib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.