Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Taxtanakəran kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı sakinləri salamlayaraq nümayəndəliyə daxil olan kəndlərdə vaxtaşırı səyyar qəbul-görüşlər keçirdiyini, qaldırılan problemlərin həllinə köməklik göstərdiyini bildirmişdir. Qeyd etmişdir ki, ərazidə kifayət qədər quruculuq-abadlıq işləri görülmüşdür. Bu görüşdə də məqsədimiz sizi dinləyərək narahatlıq doğuran məsələlərin həllinə birgə nail olmaqdır.

Sakinlərdən Ədalət Baxşiyev, Əzizağa İbrahimov, Aydın Məmmədov, Rasib İsayev, Zahir İsayev və başqaları çıxış edərək son illər respublikamızda və rayonumuzda geniş quruculuq-abadlıq işlərinin görüldüyünü, əhalinin rahat yaşayışının təmin edilməsi sahəsində qətiyyətli addımların atıldığını bildirmiş, göstərilən qayğı və diqqətə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.  Müntəzəm olaraq sakinlərlə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.

Çıxış edənlər Taxtanakəran kəndinə qaz xəttinin çəkilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəkləri və naqillərinin dəyişdirilməsi, Niləşə kəndindəki avtomobil körpüsünün genişləndirilməsi, kənddə telefon nömrələri və internet şəbəkəsinin artırılmasına köməklik göstərilməsi, sitrus bitkiləri üçün dərman preparatlarının alınmasına köməklik göstərilməsi və digər məsələlər barədə arzu və təkliflərini bildirmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bəzi məsələlərin həllindən ötrü idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanacağını bildirmişdir. Qeyd etmişdir ki, elektrik xətt təsərrüfatı bütün rayonda 60-cı illərdə çəkilmiş, istismar müddətini başa vurmuşdur. Odur ki, bunların müasir tələblərə uyğun yenidən qurulması dövlət proqramına salınmış, icrası təmin olunacaqdır. Lakin, cari təmir işləri aparılmış, fasiləsiz elektrik enerjisinin verilməsi təmin olunur. Elektrik dirəkləri və xətlər köhnə olduğu üçün yalnız küləkli havalarda qısa fasilələr yaranır.  

Kəndin ən böyük problemi yol problemi idi ki, cənab Prezidentin ayırdığı vəsait hesabına bu da həllini tapmışdır. Asfalt yollar istifadəyə verildikdən sonra əhalinin güzəranı yaxşılaşmış, rahatlıq təmin edilmişdir.  

Qaz xəttinin çəkilməsi ilə əlaqədar bildirirəm ki, qonşu kəndlərdə bu məsələ həllini tapmış, yaxın gələcəkdə Taxtanakəran kəndi də qazlaşdırılacaqdır.

Ölkədə kənd təsərrüfütının inkişaf etdirilməsi ilə əlaqədar yaradılan imkanlardan səmərəli istifadə etməyə çalışın. Sitrusçuluğun inkişafını yeni texnologiyaların tətbiqi ilə daha da artırın. Bunun üçün xaricdən dəvət etdiyimiz alimlərin, mütəxəsislərin təcrübə və tövsiyələrindən yararlanmağa çalışın.  

Digər məsələlər də tədricən həllini tapacaqdır. Ölkəmiz böyük inkişaf yolundadaır. Azərbaycanımızın hər sabahı bu günündən daha da güclü olur. Müstəqil dövlətimizin inkişafı, tərəqqisi bizi hədsiz sevindirir. Sabitlik, əmin-amanlığın hökm sürdüyü Azərbaycanımızda qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilir. Bu inkişafı rayonumuzun timsalında aydın şəkildə görürük. Bu qədər quruculuq və abadlıq işlərinin aparılması ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir.  Görülən hər bir işin arxasında ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz durur. Cənab Prezidentin imzaladığı sərəncamlarla əmək haqları, təqaüdlər, minimum əməkhaqqı və minimum pensiyalar artırılmışdır. Hər bir Azərbaycan ailəsi bu gün yüksək səviyyədə bu sosial qayğının təzahürlərini hiss edir. Elə bir ailə yoxdur ki, dövlətin bu qayğısından yararlanmasın.

Tam əminliklə deyirəm ki, gələcəkdə Azərbaycanımız daha güclü olacaq və iqtisadi gücümüz artdıqca həyata keçirilən layihələrin miqyası da artacaqdır. Bu işlərdə biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirməliyik. 

Astarainfo.az