Astara Rayon Mərkəzi Kitabxanasının 80 illik yubileyi ilə əlaqədar həyata keçirilən “Gəzən kitabxana” layihəsinin növbəti ünvanı rayonun ucqar dağlıq ərazisində yerləşən Hamoşam kəndi olub.
Tədbirdə Asxanakəran, Toradi, Motlayataq, Anbuba və Hamoşam kənd kitabxana filialları və ərazidə fəaliyyət göstərən klub müəssisələrinin işçiləri, həmin kəndlərin sakinləri fəal iştirak ediblər.
Tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov elm, təhsil və mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan kitabxanaların çoxəsrlik tarixi inkişaf yolu keçməklə milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsindəki əhəmiyyətli rolundan danışaraq ölkəmizdə aparılan uğurlu islahatların təməlini qoyan və onu davam etdirən Prezident İlham Əliyevin cəmiyyətin informasiya təminatında kitabxanaların işinə yüksək qiymət verdiyini bildirib.
Digər çıxış edənlər informasiya texnologiyalarının inkişafına baxmayaraq, kitabın hələ də həyatımızda ən dəyərli məlumat mənbəyi olduğunu bildirib, görkəmli şəxslərin kitaba, kitabxanalara dair müdrik kəlamları, fikirləri diqqətə çatdırıblar.
Çıxış edənlər, layihə çərçivəsində keçirilən bu tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulayaraq, son illər kitabxanaya gələn oxucuların sayının xeyli artdığını qeyd ediblər.
Sonra kitabxanaçılar nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirdə “Astara rayon kitabxanası-80”, “Astaralı yazarlarımız”, “Kitab bilik mənbəyidir”, “Vətən bizi səsləyir”, “Verdim ki, can, yaşasın Azərbaycan”, “Doğma yurdum Azərbaycan” və digər başlıqlarla 200-dən çox kitab və çap məhsulları nümayiş etdirilib.
Asxanakəran, Toradi və Hamoşam kənd tam orta məktəbinin şagirdləri Vətənə, kitaba, doğma diyara həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirin bədii hissəsində Çayoba, Hamoşam, Motlayataq, Asxanakəran və Diquli kənd klub müəssisələrinin bədii özfəaliyyət kollektivi maraqlı konsert proqramı ilə çıxış ediblər.
Natəvan Mədətzadə
Astarainfo.az