Fermerlərimiz tam arxayınlıqla biçdikləri məhsulu bu çəltik emalı zavoduna gətirə bilərlər

Ölkəmizdə çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, rayonda bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-cu illər üçün Dövlət Proqramı ” hazırlanmışdır. Dövlət Proqramına uyğun olaraq son illərdə cənub bölgəsində, o cümlədən Astara rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət daha da artırılıb. Astara hələ qədimdən çəltikçiliyi ilə məşhurdur. Ətirli  Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi”, “Həsəni ” və digər çəltik növündən olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib. İndi ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyi Astarada da uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb.

2017-ci il sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində cənab Prezident çıxışında bildirmişdir ki,  çay, çəltik, sitrus meyvələri istehsalının inkişafına son vaxtlar ölkəmizdə bu sahələrə dövlətin dəstəyi hesabına diqqət daha da artır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir.

Rayonumuzda yaradılan müasir  müəssisələrdən biri də “İmanna” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsidir. Bu cür müəssisələrin yaradılması ölkəmizin ümumi iqtisadi inkişafına da töhfə verir. Qeyri-neft sektorunun inkişafında şübhəsiz ki, son illərdə həyata keçirilən aqrar islahatlar mühüm rol oynayır. Bu da Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi önəmi bir daha təsdiqləyir. Hazırda yüksək məhsuldarlığın təmin edilməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına, kənd təsərrüfatının gəlirli sahələrinin inkişafına, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkilinə və ərzaq təhlükəsizliyinə nail olunmasına dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu çərçivədə çəltik tədarükünün stimullaşdırılması, əhalinin bu sahəyə marağının daha da artırılması xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə, son illərdə cənub bölgəsində, o cümlədən Astara rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət artırılıb.

Astarainfo.az-ın əməkdaşları istifadəyə verilən və  ən müasir avadanlıqlarla təchiz olunmuş  “İmanna” Məhdud Məsuliyyətli Cəmiyyətinin  çəltik emalı zavodunda olublar. Yeni istifadəyə verilmiş zavodun  icraçı direktoru Nail Səmədov müsahibəsində bildirdi ki,  çəltik emalı zavodu Çin Xalq Respublikasından gətirilən ən müasir və yeni avadanlıqlarla təchiz olunub.  Yeni yaradılmış müəssisəsinin ümumi ərazisi 500 kvadrat metr, tikinti sahəsi isə 300 kvadratmetrdir. Müəssisənin inşasına 2018-ci ilin iyununda başlanılıb, bu günlərdə istifadəyə verilib. Bu istehsalat sahəsinin gündəlik emal gücü  40 ton, çəltik qurutma gücü isə 10 tondur. Burada 40 nəfər yerli sakin  daimi işlə təmin edilib. “İmanna” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik təsərrüfatının ümumi sahəsi isə 100 hektardır. Yeni texnika və metodlardan istifadə etməklə məhsuldarlığın orta hesabla bir hektara 35-40 sentner olacağı gözlənilir. Rayonumuzda çəltik istehsalının ilbəil artması bu qiymətli məhsulun daha yüksək keyfiyyətlə emal olunmasını əsas vəzifə kimi qarşıya qoyur. Açığını deyək ki, rayonun bir sıra qəsəbə və kəndlərində çəltik məhsulunu emal edən sexlər fəaliyyət göstərir. Lakin avadanlıqlar müasir tələblərə cavab vermədiyinə görə xeyli çəltik məhsulu israf olunur, emal olunan düyünün keyfiyyəti alıcıları razı salmırdı. Çəltik məhsulunun emalı tələb edir ki, nəzərdə tutulan bütün proseslər vaxtında və keyfiyyətlə həyata keçirilsin. Kifayət qədər qurumayan çəltik məhsulunun xeyli hissəsi sıradan çıxır, düyünün keyfiyyəti aşağı düşür. Yenicə istifadəyə verilən çəltik emalı zavodunda isə bütün bu problemlər aradan qaldırılıb. Ən başlıcası odur ki, burada istifadə olunan aqreqatlar ən müasir tələblərə cavab verir. Çəltik emal olunmamışdan qabaq tələb olunan şəkildə qurudulur. Zavodda çəltik qurutma gücünün 10 ton olması fermerlərin razılığına səbəb olmuşdur.

Artıq bir neçə vaxtdır ki, fermerlər məhsul biçini ilə məşğuldurlar. Sevindirici haldır ki, rayonumuzda çəltik emalı zavodu məhz sentyabr ayında istifadəyə verilib. Çünki, biçilən çəltik məhsulunun emal dövrü məhz bu dövrə təsadüf edir. Fermerlərimiz tam arxayınlıqla biçdikləri məhsulu bu çəltik emalı zavoduna gətirə bilərlər. Aqronom Mirzəbala Salayev söhbət zamanı bildirdi ki, zavodun kollektivi fermerlərimizdən bol çəltik məhsulu gətirilməsini həvəslə gözləyir. Fermerlərimizi tam əmin etmək istəyirik ki, zavodda onlara hər cür diqqət və qayğı göstəriləcək, gətirdikləri çəltik məhsulu ən müasir texnika və aqreqatlardan istifadə olunmaqla yüksək keyfiyyətlə emal ediləcəkdir.

Rayon sakinlərinin nəzərinə çatdırmaq istəyirik ki, keyfiyyətli və ətirli Astara düyüsü almaq üçün zavoda müraciət edə bilərlər. Burada yeni emal olunmuş düyünün satışı üçün hər cür şərait yaradılıb.

 Astarainfo.az