Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara sakini olan qadın rayon polis şöbəsinə müraciət edərək Bakı şəhərində olduğu zaman Astara rayonunun Maşxan kəndində yerləşən evindən 1 ədəd nootbuk, 3 ədəd müxtəlif markalı telefonun oğurlandığını bildirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla həmin şəxsin Lənkəran rayonunun Viyən kənd sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Ramid Əzizov olduğu müəyyən edilib.

R.Əzizovun oğurladığı əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.