Astara rayonunun yüksək dağlıq ərazisində yerləşən Diqo, Dolu və Sekaşan kəndlərinin sakinləri uzun illərdir ki, elektrik enerjisinin təminatında çətinliklərlə üzləşirlər.

Altı ailənin yaşadığı Sekaşan kəndinin sakinləri 1994-cü ilə ilə kimi elektrik enerjisindən istifadə etsələr də, uzun illər baxımsızlıq ucbatından elektrik naqilləri və dirəkləri sıradan çıxdığından kənd işıqsız qalıb.

130 nəfərin yaşadığı Diqo və Dolu kəndlərinə isə Sovetlər dönəmindən indiyədək elektrik xətti çəkilmədiyindən sakinlər bir sıra çətinliklərlə üzləşirlər.

“Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2019-cu il tarixli Sərəncamı ilə bütün bu problemlərə son qoyulub.

Azərbaycan Prezidentinin Sərəncamına əsasən Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Avqustun əvvəllərindən başlayaraq Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə bağlı hər üç kəndə tikinti və quraşdırma işlərinə başlanılıb.

Tikintidə podratçı təşkilat-“İMA Enerji” MMC-nin işçiləri çalışırlar.

“İMA Enerji” MMC-nin sədri Tofiq Rəsulovun verdiyi məlumata görə, tikinti və quraşdırma işlərində 15 işçi çalışır. Artıq Sekaşan kəndində işlərin 90, Dolu kəndində 60, Diqo kəndində isə 40 faizi başa çatıb.

Sekaşan kəndində 1 ədəd 40 kilovoltluq transformator quraşdırılıb. Kəndin ərazisində 36 ədəd 10 kilovoltluq metal dayaq  və 14 ədəd 10 kilovoltluq söykənəcək basdırılıb, bütün evlərdə elektrik sayğacı quraşdırılıb.

Kəndi dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə ərazidə 5000 metr AS-35 elektrik, 450 metr SİP kabel çəkilib, 18 ədəd 0,4 kilovoltluq SİP dayaq basdırılıb.

Dolu kəndində isə 40 ədəd 10 kolovoltluq metal dayaq və 5 ədəd 10 kilovoltluq söykənəcək, 349 ədəd 0,4 kilovoltluq SİP dayaq basdırılıb, əraziyə 5100 metr AS-35, 5000 metrə isə SİP kabel çəkilib.

Hər üç kənddə tikinti və və quraşdırma işləri bu ilin sonunadək başa çatdırılacaq.

(AZƏRTAC-Bağır Əliyev)