“Azərişıq” ASC cari ilin tədbirlər planına uyğun olaraq, Cənub Regional Enerji Təchizatı və Satışı İfarəsinin (RETSİ) inzibati rayonlarında – Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astarada yenidənqurma işlərini davam etdirir. Yenidənqurma işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir.

Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Astarada jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamı ilə Astara rayonunun 3 yaşayış məntəqəsində – Sekaşan, Diqo və Dolu kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə 1,5 milyon manat vəsaitin ayrıldığını vurğulayan T.Mustafayev deyib: “Sərəncam qüvvəyə mindiyi gündən etibarən bu kəndlərin elektrik enerjisi təsərrüfatının yenidənqurulması işlərinə başlanılıb. Həmin kəndlərə “Azərişıq” tərəfdən 15 ədəd komplekt transformator məntəqəsi (KTM), 12,5 kilometr uzunluğunda 0,4 kilovoltluq hava verilişi elektrik xətləri, 18 kilometrlik 0,4 kilovoltluq özünüdaşıyan izolyasiyalı kabel xətlərinin (ÖİN -SİP kabellər) çəkilməsi nəzərdə tutulub”.

“Azərişıq” rəsmisi qeyd edib ki, bundan əlavə, “Cənub” RETSİ-nin ərazisində yerləşən Biləsuvar rayonunun İsmətli, Cəlilabad rayonunun Maşlık və Ocaqlı, Lənkəranın İstisu və Girdəni, Masallının Ərkivan və Ocaqlı, Lerikin Çayrud kəndlərində yenidənqurma işləri davam edir.(AZƏRTAC-Bağır Əliyev)