Astara Rayon Mədəniyyət Mərkəzində Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzəli Bayramov, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayon üzrə nümayəndə Şadoğlan Bayramov və Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsi komandirinin şəxsi heyət üzrə müavini, polkovnik Tural Kərimli Azərbaycan sərhədçilərinin keçdiyi şanlı yoldan danışıblar.

Çıxışlarda, 1992-ci ilin avqust ayının 22-də ulu öndər Heydər Əliyevin şəxsi iradəsi, nüfuzu və qətiyyəti sayəsində üçrəngli bayrağımızın müasir dövrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissələrində ilk dəfə Naxçıvan sərhəd dəstəsində qaldırılması və Ulu Öndərin xeyir-duası ilə Sərhəd Qoşunlarının yaradılmasının məhz qədim dövlətçilik ənənələrinə malik, qəhrəmanlıqla dolu tarixi keçmişi olan Naxçıvandan başlanması qürur hissi ilə qeyd edilib.

Natiqlər, həmçinin torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə qatılan sərhədçilərdən ibarət xüsusi təyinatlı taborun Ağdərə istiqamətində mərdliklə vuruşmasını, bu döyüşlərdə rəşadət və şücaət nümunələri göstərməsini xatırladaraq, şəhid olmuş sərhədçilərin xatirəsini ehtiramla anıblar.

Tədbirdə sərhədçilərin asudə vaxtının təşkilində yaxından köməklik göstərdiklərinə görə Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının üzvlərinə və Astara Rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanova fəxri fərmanlar təqdim olunub.

Astarainfo.az