Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. İqtisadiyyatımızın əsasını neft sənayesi təşkil etsə də, son illərin  inkişaf dinamikasının təhlili göstərir ki, qeyri-neft sektorunun çəkisi də sürətlə artmaqdadır.  

Qeyri-neft sektorunun inkişaf etdirilməsi xətti digər sahələrdə olduğu kimi mənzil tikintisi sahəsinin də  canlanmasına təkan vermişdir. Köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesinə paytaxt Bakı şəhərində start verilsə də, hazırda bu layihə regionlarda da həyata keçirilməkdədir. Vaxtı keçmiş, yöndəmsiz və qəzalı vəziyyətdə olan binalar sökülərək onların yerində yeni, müasir yaşayış binalarının tikintisi işləri aparılır.

Cənab Prezidentin 15 oktyabr 2018-ci tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına Astara şəhərində tikintisi nəzərdə tutulan 48 mənzilli yaşayış binasının inşası başa çatdırılaraq bu günlərdə əhalinin istifadəsinə verilmişdir.

Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhalinin müraciətlərinə əsasən yaşadıqları evlərə baxış keçirmiş, istismar müddəti başa çatmış binalar müəyyən edilərək daha çox ehtiyacı olan həmin şəxslərə yeni binada mənzillərin verilməsi nəzərdə tutulmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev binanın sakinlərinə orderləri təqdim edərək onları təbrik etmiş, yeni mənzillərində xoşbəxt, firavan yaşamalarını arzulayaraq demişdir:

-Bu gün doğrudan da hər biriniz üçün unudulmaz bir gündür. Sevinirik ki, vətəndaşlarımız köhnə, şəraitsiz evlərdən yaraşıqlı, hər cür kommunal şəraiti olan yeni mənzillərə köçür, arzularına qovuşurlar. Dünyanın heç bir dövlətində, hətta güclü iqtisadiyyata malik inkişaf etmiş ölkələrdə belə, vətəndaşlara dövlət hesabına, təmənnasız evlər verilmir. Ancaq cənab prezidentimiz yüksək humanistlik göstərərək, nəinki imtiyazlı şəxslərin, hətta adi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün qərarlar qəbul edir, sərəncamlar verir. Elə bu binanın qonşuluğunda cənab prezidentin 03 iyun 2019-cu il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş rayon sakinləri üçün 36 mənzilli daha bir binanın inşasına başlanmışdır. Ölkədə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönələn bu layihələrin reallaşdırılması, əhalini narahat edən ən böyük sosial problemlərinin həllinə xidmət edir. Gördüyünüz kimi, müstəqil dövlətimiz  güclü inkişaf yolundadır. İnanırıq ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin səyləri nəticəsində müstəqil dövlətimiz daha da güclənəcək, daha yüksək hədəflərə çatacaqdır.   

Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdar olmalıdırlar.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırılması daim möhtərəm prezidentimizin diqqətindədir. Bunu gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss edirik. Azərbaycanımızın daha güclü olması üçün biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik. 

Yeni binada mənzilə sahib olan sakinlərdən Yazgül Əliyeva, Zakir Ramazanov, Hafizə Məmmədova, Sevil Lətifova, Qızlar Əliyeva və başqaları çıxış edərək bu soyuq qış günündə onlara isti mənzillər hədiyyə etdiyinə, köhnə, şəraitsiz taxta evlərinin əvəzində bütün kommunal xidmətlərlə əhatə olunmuş yaraşıqlı mənzillər verdiyinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə sonsuz məhəbbətlərini bildirərək minnətdarlıq etmişlər.

Sonda icra başçısı Qəzənfər Ağayev sakinlərlə birlikdə yeni mənzillərə baş çəkmiş, onları bir daha təbrik edərək xoş arzularını bildirmişdir.