Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilində məqsəd Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyev cənablarının qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.

Bu məqsədlə İmişli, Füzuli, Beyləqan, Saatlı, Sabirabad, Ucar, Bərdə, Ağdam, Ağcabədi, Zaqatala, Balakən, Şəki, Qax şəhər və rayonlarının qrup rəhbərləri şagirdlərlə birlikdə rayon Heydər Əliyev Mərkəzində olmuşlar.

Məktəbliləri,  qrup rəhbərlərini və onlarla gələn qonaqları  Astara rayon İcra Hakimiyyəti başçısının müavini – içtimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova və İcra Hakimiyyətinin məsul əməkdaşları qarşılayıblar.

Firəngiz Sadıxova qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır.  “Ölkəmizi tanıyaq”  devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Diqqətə çatdırılıb ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası valideynlər tərəfindən də böyük razılıq hissi ilə qarşılanır. Bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir.

Qarşılanma mərasimində şagirdləri müşayət edən qrup rəhbərlərinə rayonun sosial-iqtisadi inkişafını əks etdirən kitablar və bukletlər hədiyyə olunub.

Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Mərkəzin fondunun baş mühafizi Elza Kazımova, Mərkəzin bələdçisi Cəmalə Məmmədova tur aksiyanın iştirakçılarına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolunu, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər haqqında məlumat vermişlər.

“Astara”