Bu günlərdə rayon icra hakimiyyətinin başçısının yanında şuranın növbəti iclası keçirilmişdir. Şura iclasına icra başçısı Qəzənfər Ağayev sədrlik etmişdir. İclasda rayonda bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur.Rayon İcra Hakimiyyətinin başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov “Bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti barədə” məruzə etmişdir. Qeyd olunmuşdur ki, 2019-cu il 23 dekabrda  keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar dairələrin və məntəqələrin seçkiyə hazırlığı ilə bağlı müəyyən işlər görülmüşdür. Məlumat verilmişdir ki, rayon üzrə 77 saylı Astara seçki dairəsi üzrə 44 seçki məntəqəsi, 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 25 seçki məntəqəsi fəaliyyət göstərir.

Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq hər iki dairə üzrə məntəqələrin səsverməyə hazırlanması üçün bütün zəruri tədbirlərin görülməsindən ötrü şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərə, idarə, müəssisə və təşkilatlara tapşırıqlar, bələdiyyələrə tövsiyələr verilmişdir.

Dairələr üzrə məntəqələrin əsaslı və cari təmiri diqqət mərkəzində saxlanılmışdır. Şəraiti olmayan seçki məntəqələrinin yeri dəyişdirilmiş, daha münasib yeni tikilib istifadəyə verilmiş məktəb binalarına köçürülmüşdür.

Rayonda bələdiyyə seçkilərində seçki məcəlləsinin tələblərinə tam əməl edilməklə, seçkilərin demokratik, şəffaf keçirilməsinə nail olmaq məqsədi ilə qanunla müəyyən olunmuş bütün tədbirlər görülmüş, hər cür şəraitin təşkili diqqətdə saxlanılmışdır. 

İlk növbədə YAP rayon təşkilatı tərəfindən məntəqə seçki komissiyalarının tərkibinə namizədlərin tövsiyə olunması təmin edilmiş, seçki məntəqələri üzrə seçicilərin siyahısı dəqiqləşdirilmiş, ilk dəfə səs verənlər, orduya çağırılan, ordudan tərxis olunanlar, tələbələr, ahıl və qocalar, xəstələr müəyyən edilmişdir. Hər iki dairəyə respublika Mərkəzi Seçki Komissiyası tərəfindən verilmiş seçici siyahıları üçün yeni lövhələr, kabinələr və digər inventarlar paylanılmışdır.

77 saylı seçki dairəsi üzrə səsvermə hüququ olan 39495 nəfər seçici, 76 saylı seçki dairəsi üzrə səsvermə hüququ olan 21065 nəfər seçicinin siyahısı dəqiqləşdirilmişdir. Beləliklə, rayon üzrə  60560 nəfər səsvermə hüququ olan seçici vardır.

Rayonda bələdiyyə seçkilərinə start verildikdən sonra hazırlıqla əlaqədar qrafikə uyğun olaraq nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi davam etdirilir. Oktyabr ayının qrafikinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən 77 və 76 saylı seçki dairələri üzrə kurslar keçirilmiş, həmin kurslarda bütün məntəqə sədrlərinin iştirakı təmin edilmişdir. 

Mərkəzi Seçki Komissiyasının üzvləri və aidiyyəti üzrə mütəxəssislər tərəfindən seçkilərə hazırlıqla əlaqədar seçki qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi, bu sahədə qarşıda duran vəzifələr məntəqə sədrlərinin, məntəqə üzvlərinin, seçicilərin hüquq və vəzifələri barədə ətraflı məlumatlar verilmişdir.

Gənclərin ictimai həyatda rolunu artırmaq, vətənpərvər, dövlətçi, yüksək vətəndaş keyfiyyətlərinə malik gənclər formalaşdırmaq məqsədilə “Gənclərin seçmək və seçilmək hüququ, gənclərin seçki aktivliyinin yüksəldilməsi” barədə təbliğat işləri daha da genişləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamın əsasında seçki hüququ üzrə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün rayonda 3 günlük ixtisaslaşdırılmış kurslar təşkil edilmişdir. “Seçici siyahıları ilə işin aparılması, seçki qabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması istiqamətində yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması” mövzusunda tədbirlər həyata keçirilmişdir.

Rayon icra hakimiyyəti başçısının 14 noyabr 2019-cü il tarixli sərəncamı ilə 23 dekabr 2019-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 77 saylı Astara və 76 saylı Lənkəran-Astara seçki dairələri üzrə təbliğat-təşviqat işi aparmaq məqsədilə açıq və qapalı yerlər müəyyən edilmişdir. Ərazi nümayəndələrinə tapşırılmışdır ki, yerlərdə təbliğat-təşviqat işlərinin bu sərəncama uyğun aparılmasından ötrü lazımi şərait yaratsınlar.

Rayon üzrə 69 seçki məntəqələrini fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən  ötrü tədbirlər görülmüş, məntəqələr tam elektrik enerjisi ilə təmin edilmiş, əlavə olaraq hər bir məntəqəyə elektrik generatorları verilmişdir.

 Telefon xətti olan məntəqələrin xətləri qaydaya salınmış, xətt olmayan seçki məntəqələrinin peyk və mobil telefonları ilə təmin olunması nəzərdə tutulmuşdur. Bununla əlaqədar rayon Telekommunikasiya Qovşağına lazımi tapşırıqlar verilmişdir. Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar rayonda xeyli iş görülsə də, bəzi məntəqələrdə cari təmirə ehtiyac vardır.

76 saylı seçki dairəsi üzrə 42 saylı Təngərüd kənd, 21 və 23  saylı Pensər kənd seçki məntəqələrinin cari təmirə ehtiyacı vardır.

77 saylı seçki dairəsi üzrə 42 saylı Duriyə kənd, 44 saylı Diqoli kənd, 25 saylı Züngüləş kənd seçki məntəqələrinin cari təmirə ehtiyacı vardır.

77 saylı seçki dairəsi üzrə 27 saylı Sərək kəndində folklor evində yerləşən seçki məntəqəsində hal-hazırda təmir-bərpa işləri yekunlaşmaq üzrədir.

77 saylı seçki dairəsi üzrə 28 saylı Deqədi kənd, 29 saylı Siyatük kənd, 12 saylı Ojakəran kənd və 10 saylı Lovayın kənd seçki məntəqələrinin kosmetik təmirə ehtiyacı vardır. 

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev şuranı yekunlaşdıraraq göstərilən məntəqələrin cari təmiri, sədr otaqlarına dəmir barmaqlıqların vurulması, məntəqələrin telefon xətti və telefon aparatları ilə təchiz olunması və məntəqələrin təşviqat lövhələri ilə təmin olunması ilə əlaqədar hər iki dairənin rəhbərliyinə, ərazi icra nümayəndələri, bələdiyyələr və yerli idarə, müəssisə və təşkilat rəhbərlərinə lazımi tədbirlərin görülməsinin təmin edilməsi üçün tapşırıq və tövsiyələr vermişdir.

Rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin sədrləri  rayonda bələdiyyə seçkilərinə  hazırlıqla əlaqədar çatışmazlıqların tezliklə aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər. Cari təmirə ehtiyacı olan seçki məntəqələrinin hazırlıq vəziyyətinə gətirilməsi üçün lazım olan təmir işlərinin aparılması məqsədi ilə cavabdeh şəxslərə qarşı tələbkarlığı artırmaqla, bu işin tezliklə həllinə nail olmalıdırlar.

Məruzə ətrafında Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sücəddin Məmmədov, Ərçivan qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi Cəbrayıl Salmanov çıxış etmişlər. Çıxış edənlər bildirmişlər ki, rayonda bələdiyyə seçkilərinin demokratik, şəffaf və qanunamüvafiq şəkildə keçirilməsi təmin olunacaqdır.