Əziz astaralılar!

31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə sağlam, firavan həyat, ailə səadəti və xoşbəxtlik arzulayıram. Sizə müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması, o cümlədən doğma Astaranın inkişafı, tərəqqisi naminə yeni-yeni uğurlar diləyirəm.

Müstəqillik yollarında inamlı addımlar atan respublikamızın hər yerində sürətli inkişaf göz önündədir. Yola saldığımız hər bir il vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, ölkəmizi dünyada tanıdan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi kimi mühüm tarixi hadisələrlə zəngin olur. Azərbaycanın şanlı müstəqillik tarixinin uğurlu və əlamətdar ili kimi 2019-cu il çoxəsrlik tariximizə qovuşur.

Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız xalqımızın uzunmüddətli ayrılığına son qoyulduğu 31 dekabr tarixini –  Milli Həmrəylik Gününü qeyd edirlər.

Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olunmuşdur. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.  Hazırda dünyada baş verən qlobal problemlərə baxmayaraq, doğma vətənimiz  Azərbaycanda 2019-cu ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir.

  Müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli lider  Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və iqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.     

Əziz həmvətənlər!

Yola salmağa hazırlaşdığımız 2019-cu il də xalqımızın yaddaşında ölkəmizin inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması naminə çoxsaylı dövlət tədbirlərinin həyata keçirildiyi, nailiyyətlərlə dolu islahatlar ili kimi qalacaqdır.

Cənab Prezidentin minimum əmək haqları, maaşlar, təqaüd və müavinətlərin artırılması, problemli kreditlərin həlli ilə əlaqədar imzaladığı sərəncamlar və əhalinin sosial rifahının yaxşılaşdırılması naminə qəbul etdiyi digər humanist qərarlarla insanlarımızın güzəranı daha da yaxşılaşmış, rahatlığı, firavanlığı təmin olunmuşdur.

Ötən il ölkəmizin müdafiə qüdrəti güclənmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər davam etmişdir.

2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin və müstəqilliyimizin 28 iliyinin qeyd olunması ilə əlamətdardır.    Aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmiş, sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına investisiyaların qoyulması iqtisadi gücümüzü daha da artırmışdır.  

Əziz astaralılar!

2019-cu il doğma Astaramız üçün də yaddaqalan olmuşdur. Bu il Kijəbə qəsəbəsində uzunluğu 2 km olan, suvarma su  xətti çəkilmiş, Ərçivan qəsəbəsində çəltik emalı zavodu və çəltik dəyirmanı, Motalayataq kəndində tibb məntəqəsi, 360 şagird yerlik Burzubənd kənd tam orta, Qapıçıməhəllə kənd ümumi orta, Şəmətük, Dolu,  Lomin və Dürriyə kənd ibtidai məktəb binaları, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş, Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yoluna asfalt çəkilmişdir. Hazırda torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşümüş şəxslər üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlanmış, “Zirvə” beynəlxalq idman klubu tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün basketbol meydançası və idman zalının, Siyaku kəndində bal emalı məntəqəsinin tikintisi yekunlaşmaq üzrədir. 

Ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı Sərəncamla mövcud olduğu tarixi ərzində elektrik xətti olmayan Şəvqo, Dolu, Diqo, Avyarud, Sibiyyət, Sekəşan kəndlərinə elektrik xətti çəkilmiş, elektrik enerjisi verilişinə başlanmışdır. Hazırda sıldırım qayaların qoynunda, çətin relyefdə yerləşən Dolu və Diqo kəndlərinə avtomobil yolunun çəkilişi uğurla  davam etdirilir. Bu avtomobil yollarından bu istiqamətdə yerləşən və heç vaxt yolu olmayan daha bir neçə dağ kəndinin sakinləri istifadə etməklə, burada yaşayan insanların uzun illərin əzablarına son qoyulacaq. Əsrarəngiz gözəlliyə malik, nadir təbiət və tarixi abidələrlə zəngin olan qədim yaşayış yerlərimizi sakinlərimizlə yanaşı, nəhayət ki, rayona gələn turistlər, qonaqlar da rahatlıqla gəzib dolana bilərlər. 

 İnsanların xəyallarına gətirmədiyi bu cür möhtəşəm layihələrin reallaşması, ən ucqar kəndlərimizin hərtərəfli, sürətli inkişafı, cənab Prezidentin Vətənə, Vətənin hər bir guşəsinə hədsiz sədaqətinin, hər bir vətəndaşa olan diqqət və qayğısının sübutu, müstəqil Azərbaycanımızın sürətli inkişafının bariz nümunəsidir.  

Doğma Astaramız gündən-günə inkişaf edir, öz simasını dəyişir, ölkəmizin ən gözəl, yaraşıqlı, füsunkar diyarına çevrilir. Biz Azərbaycanımızın dilbər guşəsi olan Astaranın daha gözəl və füsunkar olması üçün bundan sonra da hamılıqla var qüvvəmizi sərf edəcəyik. Xalqımız bizə sabitlik və inkişaf yolu bəxş edən Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə bu diqqət və qayğıya görə hədsiz minnətdarlıqlarını bildirərək ətrafında sıx birləşiblər.

2020-ci ildə qarşıda bizi daha mühüm, daha məsuliyyətli işlər gözləyir. Torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşümüş şəxslər üçün 36 mənzilli yaşayış binasının, Siyaku kəndində bal emalı məntəqəsinin, mədəni-maarif müəssisələrinin tikintisi, elektrik təsərrüfatının əsaslı təmiri, qazlaşdırmanın başa çatdırılması və bir çox sosial məsələlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Rayonumuzda kənd təsərrüfatının bütün sahələrinin geniş şəkildə inkişafının təmin olunması üçün konkret və əməli tədbirlər görüləcəkdir. İnsanlarımızın torpağa qayıdışı, kənd təsərrüfatının, ənənəvi əkinçiliyin inkişafına daha çox önəm verməsi, əzmkarlığı ürəkaçandır. Sitrus meyvələrinin istehsalına diqqətin artırılması sayəsində sitrus bağlarının ümumi sahəsi 4120 hektara çatdırılmış, sitrus meyvəçiliyinin daha səmərəli və məhsuldar inkişafını  təmin etmək məqsədilə xarici ölkələrdən rayonumuza yeni sort tinglər gətirilmiş, əkilməsi təmin edilmişdir. Gələcəkdə bu və digər daha məhsuldar sortların artırılması, yeni innovativ üsulların tətbiqi istiqamətində tədbirlər həyata keçirilir.  

Rayonda əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə edilməli, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanlardan maksimum istifadə edərək ölkədə ərzaq bolluğuna sanballı töhfələrimizi verməliyik. Mən rayonumuzun bütün sakinlərinin fədakarlığını və işgüzarlığını yüksək qiymətləndirir və 2020-ci ildə daha böyük uğurlar qazanacağımıza inanıram.

Əziz dostlar!

Sizi bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm! Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.

Yeni iliniz mübarək!     

Qəzənfər Ağayev

Astara Rayon İcra Hakimiyyətinin başçısı