Birləşmiş Ştatlar İranla sülhə hazırdır və ümid edir ki, Tehranın dünyanın digər ölkələri ilə də harmonik münasibətləri olacaq.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə millətə müraciətində belə deyib.

“İranın rəhbərliyinə və xalqına müraciət edirəm. Sizin layiq olduğunuz möhtəşəm gələcəyinizi istəyirik. Ölkənizdə rifahı və bütün başqa dövlətlərlə harmoniyanı istəyirik. Birləşmiş Ştatlar sülhə can atan bütün dövlətlərlə sülhə hazırdır. İran əla ölkə ola bilər, lakin sivil dünya İrandakı hakim rejimə siqnal yollamalıdır: İran nüvə silahı əldə etmək istiqamətində apardığı işləri və terrorizmi sponsorlaşdırmağı dayandırmalıdır”, – D.Tramp deyib.

O, daha sonra bəyan edib ki, NATO-ya müraciət edir, təşkilatın Yaxın Şərqdə daha aktiv rol oynamasını istəyir.

Trampın dediyinə görə, prezident olduğu müddət ərzində İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. O, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlara qatılmış ölkələrə müraciət edərək onları anlaşmanı bundan sonra da dəstəkləməkdən əl çəkməyə çağırıb: “Britaniya, Almaniya, Fransa, Rusiya və Çin bu anlaşmadan geri çəkilməlidir”.

Eyni zamanda o, ABŞ-ın İrana qarşı yeni, çox sərt iqtisadi sanksiyalar tətbiq etdiyini də bəyan edib.

“İrana qarşı heç bir hərbi cavab tədbirləri görülməyəcək. İran geri çəkildi və bu, situasiyaya cəlb olunmuş bütün tərəflər üçün yaxşıdır”, – söyləyən Tramp İranın İraqdakı iki ABŞ bazasına raket zərbələri nəticəsində kimsənin xəsarət almadığını vurğulayıb.

Beləliklə, bir çox divan “ekspert”lərinin söylədiklərinin və Qərb mediasındakı isteriyanın tam tərsinə olaraq, ABŞ ilə İran arasındakı münasibətlər savaş həddinə çatmadı.

ABŞ prezidentinin müraciətinin həddən ziyadə soyuqqanlı, təfərrüatlara xəsis və məzmun baxımından steril olması diqqət çəkir.

Yeni heç nə deyilmədi. Donald Trampın müraciətinin təxminən yarısı onun İranla bağlı indiyədək dediklərinin təkrarıdır. İŞİD üzərində qələbə, “terrorizmi dəstəkləyən İran”, “dünyanın ən qüdrətli ordusuna malik ABŞ”, “dünyanın ən möhtəşəm millətinin yaşadığı ABŞ” və s.

İranın ABŞ-ın İraqdakı əsas hərbi bazası olan “Əyn əl Ərəbə” aviabazasına 15 “Fateh-313” və “Qiam” raketləri buraxıb. Raketlərin 4-ü hədəfə çatmayıb. Yerdə qalan raketlər isə baza ərazisində partlayıb.

Habelə, İraqın şimalındakı Ərbil şəhərində yerləşən bazaya da raketlər buraxılıb.

ABŞ bu hücuma cavab vermək niyyətində deyil. Və bu, Donald Trampın müraciətindəki ən önəmli məqamdır.

Birləşmiş Ştatların İrana qarşı yeni sanksiyalar tətbiq etməsi isə Vaşinqtonun Tehrana ünvanladığı maksimal təzyiq strategiyasının tərkib hissəsidir. Tramp “İran davranışını dəyişənədək” ifadəsini söylədi.

Bununla belə, aşkar bəlli olur ki, ABŞ “İran problemi” adlandırdığı situasiyanın çözüm yollarını bilmir. Donald Trampın açıqlaması Vaşinqtonun strategiyasını, məqsədlərini əyan etmədi. Ümumiyyətlə, “İranın davranışının dəiyşməsi” və “yeni nüvə müqaviləsi” dedikdə Vaşinqton nəyi nəzərdə tutur, o da konkret bilinmir.

Digər məqam İranla qarşıdurmada ABŞ-ın müttəfiqlərinin, sadəcə, İsraildən ibarət olmasının bir daha təsdiqlənməsidir. Donald Trampın NATO-nu Yaxın Şərqdə “daha fəal olub böyük rol oynamağa” çağırması bölgdəki funksiyalarının bir qismini Şimali Atlantika Alyansının üzərinə qoymaq istəyidir. Fəqət, bu, necə ediləcək və ümumiyyətlə, olacaqmı – bilinmir. Çünki “Yaxın Şərq NATO-su” ideyası 2018-ci ildə öldü, alternativ də yoxdur.

Və ikinci ən önəmli məqam: Tramp bəyan etdi ki, “ABŞ hazırda dünyanın ən böyük neft və qaz istehsalçısıdır”. Yəni ABŞ prezidenti dolayısı ilə bildirdi ki, amerikalıların artıq Yaxın Şərq neftinə ciddi ehtiyacları yoxdur. Bu bəyanat ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri olan Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Küveytə, Bəhreynə, Qətərə və Omana çox ciddi siqnaldır. Həmin ölkələr artıq anlamalıdırlar ki, Vaşinqtonun aktiv və genişmiqyaslı dəstəyi, yardımları olmayacaq, özbaşına qalıblar və gələcək geostrategiyalarını Birləşmiş Ştatların “hami”liyi olmadan formalaşdırmalıdırlar.

Prezident Donald Trampın müraciətinin əsas qayəsi isə budur: İran problematikasında ABŞ fasilə götürdü, gərginlik həddini azaltdı. Çox yəqin ki, Vaşinqtonla Tehran vasitəçilərə üz tutaraq təmaslar qurmağa başlayacaqlar. Lakin orta və uzunmüddətli perspektivdə durumun normallaşması şansı azdır. Səbəb Donald Trampın sərt mövqesi, İran rəhbərliyinin nüvə proqramı və regional məsələlər müstəvisində əsla geri çəkilmək niyyətində olmaması, ABŞ-ın “İran problematikası”nın çözümü ilə bağlı strateji planının yoxluğu, ən əsası isə Vaşinqtonla Tehran arasında həddən ziyadə kəskin inam böhranıdır.

ABŞ-ın İraqdakı bazalarının raket hücumuna məruz qalması ilə bağlı situasiya isə yetərincə maraqlıdır.

İran güclü tərəflərindən yararlandı: Tehranın hava hücumundan müdafiə sistemi və hərbi aviasiyası zəifdir, amma raket proqramı güclüdür. “Əyn əl Ərəb” və Ərbil bazalarının raketlərlə vurulmasından dərhal sonra informasiya savaşı başlandı. Bu bazalarda raket zərbələri nəticəsində 80 (!) amerikalı hərbçinin həlak olduğu deyildi. Fəqət, məlumatlar, sadəcə, İran mənbələri tərəfindən yayıldı və deməli, İranın daxili istehlakçısı üçün hesablanmışdı.

Üstəlik, İran bilərəkdən bazaları hədəf qismində dəqiq nişan almayaraq ABŞ-ın nəzərinə çatdırdı: “İstəsəydik, lap dəqiq vurardıq. Sadəcə, nəzərinizə çatdırdıq ki, Yaxın Şərqdəki obyektlərizini hər an vura bilərik”.

Situasiya pis deyil. Əgər ABŞ iranlıların zərbələrinə cavab vermək istəsəydi, dərhal və çox ağır şəkildə cavab verərdi. Fəqət, ABŞ bunu etmədi.

İran da ABŞ-ın nəzərinə çatdırdı: “Sizə cavab verdik, gəlin, bununla da məsələni bağlayaq”. Raket zərbələri zamanı amerikalı hərbçilər həlak olsaydılar, ABŞ-ın dağıdıcı cavabı labüd idi çünki.

ABŞ prezidenti Donald Tramp “hava hücumundan müdafiə sistemləri işə salındı, zərbələrin nəticələri minimal oldu” deyir. Halbuki, belə olmayıb.

Lakin  ABŞ “hücumun qarşısını aldıq” dedi, indisə sülhməramlı bəyanatlar verərək İranı danışıqlara çağırır.

Hər iki tərəf durumdan maksimum dividendlər əldə etdi.

İraq da uduşdadır. Rəsmi Bağdad guya “ölkənin milli suverenliyini hifz etdiyini” göstərdi, ABŞ və İrana notalar verərək onları “öz aralarındakı münasibətləri İraq ərazisində həll etməkdə” suçladı.

İraqın baş naziri Adil Əbdel Malek ABŞ-ın ölkədəki hərbçilərinin çıxarılması və ABŞ bazalarının potensial təhlükə mənbəyi olması barədə tezislərinə əlavə arqumentlər əldə etdi.

İranla münasibətlərin ifrat dərəcədə kəskinləşməsi ABŞ prezidenti Donald Trampın təşəbbüsü deyil. O, əvvəlki ABŞ prezidentlərinin üzləşdiyi problemi yaşayır.

Tramp prinsiplərinə və instinktlərinə güvənir və o, əsla savaş tərəfdarı deyil.

Fəqət, o, zəif təsir bağışlamaq da istəmir.

Zəif prezident olmaq onun nəzərində Barak Obama kimi görünməkdir.

Bu isə Donald Trampın fikrincə, ən pis perspektivdir.

Elçin Alıoğlu
Milli.Az