Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun Qarabağ müharibəsi əlilləri ilə görüşdü. Görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.

İcra Hakimiyyətinin başçısı müharibə əlillərini salamladı və çıxışında bildirdi ki, İcra Hakimiyyətində və yaşayış məntəqələrində keçirilən qəbullarda tez-tez onlarla görüşsə də, bu gün fərdi şəkildə görüşmək qərarına gəlmişdir. İcra başçısı müharibə əlillərinin dövlət tərəfindən hər cür sosial qayğılarla əhatə olunmasına baxmayaraq, müəyyən problemlərin həllinin yerli təşkilatlardan asılı olduğunu dedi. Təklifləri dinlədikdən sonra həlli üçün tədbirlər görüləcəyini bildirdi.

Qarabağ əlilləri Respublikada və rayonda görülən tikinti-quruculuq və abadlıq işlərinə görə, həmçinin, əlillik pensiyalarının və müavinətlərin artırılmasına görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etdi, İcra başçısının diqqət və qayğısını yüksək dəyərləndirdilər. Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirərək Vətən torpağını qorumağın ən müqəddəs borcu olduğunu qeyd etdilər.

I qrup Qarabağ müharibəsi əlili Nizami İsmayılov evinə qaz xəttinin çəkilməsi və yolun təmiri, Ramil Abbasov ona dövlət tərəfindən nəzərdə tutulmuş avtomobilin verilməsi, Şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilmiş 16 mənzilli ictimai yaşayış binasının sakinləri binanın istilik sisteminin qaydaya salınması, 32 mənzilli ictimai yaşayış binasının sakinləri binanın dam örtüyünün dəyişdirilməsi, özünüməşğulluq layihəsindən yararlanmaqlarına köməklik göstərilməsini xahiş etdilər.

İcra başçısı görüşdə iştirak edənlərin arzu və təkliflərini dinlədi, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verdi, icrasını diqqətdə saxlayacağını bildirdi.

İcra başçısı Qəzənfər Ağayevin çıxışı:

Siz torpaqlarımızın mənfur ermənilərdən qorunmasında fədakarlıq göstərmiş, mərdliklə döyüşmüş, sağlamlığınızı qismən itirmisiniz. Əksəriyyətiniz müharibənin ilk illərində hələ nizami ordu yaranmamış könüllü olaraq Vətənin xidmətinə getmisiniz. Biz sizin vətənpərvərliyinizi yüksək dəyərləndiririk. Bu gün sıramızda ikən yüksək quruculuq işlərində iştirak edir, töhfələrinizi verirsiniz.

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə müstəqil Azərbaycanımız gündən-günə inkişaf edir, çiçəklənir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri də daim dövlətin diqqətindədir. Əksəriyyəti güzəştli mənzil və avtomobillərlə təmin olunmuş, digərlərinin də təminatı üçün işlər görülür.

Ölkəmizdə digər sahələrdə olduğu kimi son illər ordu quruculuğunda da mühüm işlər görülmüşdür. Azərbaycan ordusu bu gün ən müasir silahlarla təchiz olunmuş dünyanın nizami orduları sırasındadır. Biz ordumuzun şücaətinin aprel döyüşlərində və ondan sonrakı dövrlərdə

şahidi olduq. Müharibə və qan tökülməsini istəməyən Prezidentimizin torpaqlarımızın sülh yolu ilə qaytarılması istiqamətində beynəlxalq miqyasda apardığı danışıqlar bəhrəsini verməkdədir. Artıq bütün dünya Ermənistanı təcavüzkar dövlət kimi tanımaqla, Azərbaycanın mütərəqqi mövqeyini dəstəkləyir.

Təcavüzkar düşmən BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə tabe olmasa, güclü ordumuz torpaqlarımızı istənilən anda müharibə yolu ilə azad etmək iqtidarındadır.

Siz də Vətənin mərd övladları olaraq daim ayıq-sayıq olmalı, ölkədə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumalı, hər zaman cənab Prezidentin ətrafında sıx birlik nümayiş etdirməlisiniz.

Bu yolda hər birinizə uğurlar arzulayıram.