Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Məstiyev 150 qram heroini 4000 manata satarkən cinayət başında saxlanılıb.

Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə olaraq ondan 504 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla T.Məstiyevin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından əldə etdiyi, qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilmiş 654 qram heroini Ələt-Astara yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən satışını təşkil etməkdən ötrü götürdüyü müəyyən olunub.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.