Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. həmin gün Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir.Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 Yanvarında qanlı faciəyə gətirib çıxardı. 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzaladı. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla, lazımi tədbirlər görülsün.

1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara – yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilmişlər. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatmışdı.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır. Belə ki, Bakıda törədilən cinayətlər qonşu və qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş, ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir.

Qanlı 20 Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub. Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edib. Hər il yanvarın 19-20-də Azərbaycan vətəndaşları vətəni uğrunda dəyərli canlarından keçən həmyerlilərini xatırlayırlar. Dünyada hər bir azərbaycanlının “Qanlı Yanvar” faciəsini xatırlaması və həmin gün canlarından keçənlərin xatirəsini yad etməsi vacibdir. O zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

                    Astara rayon qeydiyyat şöbəsinin rəisi

                    Vüqar Qasımov