Müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq demək olar ki, mümkün deyildir. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılmış, öz ərazisini genişləndirmiş, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır.

Narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Qatı cinayətlər arasında insanların sağlamlığına ciddi təsir edən narkotik vasitələrin satışı, transferi ağır fəsadlara yol açır.

Hazırda dünyada olan milyonlarla narkomanların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir. Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır.

Yeniyetmə yaş dövrü bütün uşaq yaş dövrlərinin ən çətin və vacib mərhələsini təşkil edir. Çünki onun tərkibinə şəxsiyyətin qurulması dövrü daxil olmaqla uşaqlıq və böyük yaş dövrü arasında keçid mərhələsini əhatə edir. İlk əlamətlərindən tam qurulana qədər cinsi yetişmə prosesini daxil etməyinə görə, yeniyetmə yaşı pubertat dövrü adlanır. Yeniyetmə yaşı sosial psixoloji cəhətdən keçid, dönüş yaşıdır, çünki bu dövrdə xasiyyətin formalaşması, yəni şəxsiyyətin əsaslarının formalaşması baş verir. Çoxları bu yaşı “çətin”, kritik yaş adlandırır. Çünki valideynlik himayəsindən müstəqilliyə keçid, xasiyyətin qurulması – bunların hamısı şəxsiyyətin zəif tərəflərini açır, onu çox zəif, mühitin xoşagəlməz təsirlərinin və zərərli adətlərin (siqaret çəkmə, alkoqol, toksikomaniya və s.) meyilliliyinin təsiri altına düşən edir.

Şəxsiyyətin inkişafının yeniyetmə mərhələsində ən vacib psixoloji yenilik şüurun formalaşması, özünü dərk etmək və xüsusiyyətlərini qiymətləndirmək cəhdi ilə müəyyən olunan Mən-konsepsiyasının dəyişilməsidir. Yeniyetmə yaşda uşaqlara xas olan konkret-obrazlı təfəkkür tədricən öz yerini abstrakt təfəkkürə verir, şəxsiyyətin iradi və iş xüsusiyyətlərinin formalaşması baş verir. Lakin buna baxmayaraq, bu yaşda intellektual, şəxsi planda ziddiyyətlər və həmçinin fərdlərarası münasibətlərdə differensiasiya və seçmə qabiliyyəti, əhvalın kəskin dəyişilməsi, ekzaltasiyadan subdepressiv vəziyyətlərə tez keçmələr özünü göstərir. Yeniyetmə yaşında onun çatışmazlıqlarına deyilən iradlar və ya onun müstəqilliyini sıxışdırmaq cəhdləri zamanı yeniyetmədə sürətli affektiv reaksiyalar yaranır. Bu da onların davranışlarında antisosial və deiant istiqamətin əmələ gəlməsinə səbəb olur.

Dövlətimizin siyasətinin əsasında vətəndaş amilinin dayandığını nəzərə alsaq, bu istiqamətdə həyata keçirilən tədbirlərin, atılan addımların əhəmiyyətini daha aydın dərk etmək olar. Dövlət başçısı cənab İlham Əliyev hər zaman bildirir ki, ölkə əhalisinin sağlamlığı prioritet məsələlərdəndir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində də əsas

məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır.

Ümummilli lider cənab Heydər Əliyev hələ 2000-ci il iyul ayının 5-də BMT Baş Katibinin müavini ilə görüşündə demişdir: “Narkotiklərlə mübarizə sahəsində biz bir çox tədbirlər görmüşük… Azərbaycan coğrafi vəziyyətinə və mövqeyinə görə, narkotiklərin Əfqanıstandan, Mərkəzi Asiyadan Qərbə, həm də İrandan Şimala, Qərbə daşındığı yolun üzərində yerləşir. Biz bunu bilirik, nəzərə alırıq, lazımi tədbirlər görürük… Ancaq biz arxayınlaşmırıq, həmin kanalların qarşısını almaq üçün daim lazımi tədbirlər görürük və görəcəyik…”

Bu gün də bütün idarə və müəssisələrdə, dövlətimizin hər bir rayonunda narkomanlığın cəmiyyətə ziyanına dair keçirilən silsilə tədbirlərdə də əsas məqsəd məhz maarifləndirmənin lazımi səviyyədə təşkilidir. Həmçinin asudə vaxtın səmərəliliyi üçün müxtəlif məşğələlər təşkil edilir, elmi-praktiki konfranslar keçirilir, tədris-təlim proqramlarına narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular daxil edilir, kütləvi idman tədbirlərinin keçirilməsi üçün müvafiq şərait yaradılır, əyani təbliğat vasitələrindən istifadə olunur. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında geniş fikir mübadiləsi aparılır, inşa yazı və rəsm müsabiqələri təşkil olunur, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilir. Qabaqlayıcı kompleks tədbirlərin keçirilməsi məqsədi ilə bölgələrdə, o cümlədən Astarada monitorinqlərin, reydlərin keçirilməsi davam etdirilir və bu tədbirlər daim diqqət mərkəzindədir. Bu kimi tədbirlərdən başqa narkotiklərə və narkomanlığa ümummilli mübarizə mütləq lazımdır. Bu mübarizə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumağa xidmət edir.