Azərbaycanda restoran və kafelərdə davranış qaydaları ilə bağlı xüsusi təlimatlar işlənib hazırlanacaq.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu təlimatlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanacaq.

Qeyd edək ki, Azərbaycanda restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib.

Müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Eyni zamanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilib.

Bununla yanaşı, Azərbaycanda saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.