Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir.

Astarainfo.az Trend-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə məcəllələrə dəyişiklik məsələsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında təklif olunub.

Yeni maddəyə əsasən, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Layihə Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.